Ərdəbili ana:
-18 il əvvəl oğlumun adını “Anar” qoymağa icazə vermədilər
Bu gün Azərbaycanla İran dövlətləri arasında siyasi münasibətlərin xeyli yumşalmasını görürük.Təqdir ediləsi haldır. Amma nəzərə almalıyıq ki,bir şeir deyib,təsadüfən bir-iki kəlmə türkcə söz deməsi cənubdakı bacı-qardaşlarımızın qarşılaşdıqları problemlərin həlli deyil.
İranda türk adlarına qarşı təzyiqlər davam edir. Bu dəfə ərdəbilli ana 18 il öncə üzləşdiyi çətinliklərdən danışıb.
“18 il əvvəl vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləri oğluma Anar adını qoymağa icazə vermədilər və bizi başqa ad seçməyə məcbur etdilər. Amma yenə də gözüm, ürəyim Anar adını axtarır və nə vaxt bu adı eşitsəm duyğulanıram! Yoldaşım Anar adını çox sevirdi. Biz bu adı tanınmış Azərbaycanlı yazıçı Anarın adından ilhamlanaraq seçmişdik. Uşağımız 2007-ci ildə doğulanda və biz doğum haqqında şəhadətnamə almaq üçün Ərdəbil Vətəndaşlıq Dairəsi İdarəsinə gedəndə məmurlar bu ada sənəd verməkdən imtina etdilər. Bəhanələri belə oldu ki, Anar adı Annamaq (anlamaq) kökündən gəlir, ona görə də doğum şəhadətnaməsində bu ad Annar kimi yazılmalıdır. Ancaq doğum şəhadətnaməsində iki eyni hərfi yanaşı yazmaq olmazmış. Biz onlara Məhəmməd adının da belə olduğunu xatırladanda onlar bu adın istisna olduğunu dedilər.”
Sözsüz ki, türk dilində “annamaq” deyə bir yazılış yoxdur, “anlamaq” var. “Anar” adı da bu kökdən, yaxud anan-xatırlayan köklərindən törəmişdir.
Arizə Xudayi söhbətinin davamında oğullarına “Anar” adını seçə bilmədiklərini, “Uxtay” (Oktay) adını seçmək qərarına gəldiklərini bildirdi.
“Sonradan iki dostum övladına Anar adı ilə doğum haqqında şəhadətnamə ala bildilər. Ancaq biz bu haqdan heç bir səbəb olmadan məhrum edildik. 18 il keçməsinə baxmayaraq gözüm və ürəyim Anar adına dikilib. Hələ də bu adı eşidəndə duyğulanıram!”
Natəvan BƏYDİLİ