Gözəl şeirlər müəllifi- Nigar Rəfibəyli

ELAZ.İNFO xəbər verir ki, 23 iyun azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairəsi, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi Nigar Rəfibəylinin doğum günüdür.

Allah rəhmət etsin!

Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirmişdir (1930). Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirmişdir (1932–1936). Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində (1930–1932), Azərnəşrdə bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, Uşaqgəncnəşrdə bədii ədəbiyyat şöbəsində redaktor (1937–1939) vəzifələrində işləmişdir. Xidmətlərinə görə “Şərəf” nişanı, orden və medallarla təltif olunmuşdur.

“Çadra” adlı ilk şeri 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk “Şeirlər” kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. “Dolores İbarruri” (1936) şeri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. “Cəmilə” şeri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.

Məhsəti Gəncəvinin rübailərini, Evripidin “İfigeniya”, Fridrix Şillerin “Məkr və məhəbbət”, Anton Çexovun “Vanya dayı”, “Albalı bağı” dramalarını, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanlarını, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərlərini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.

1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı II Fəxri Xiyabandadır.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights