ELAZ.İNFO, BAKI, 27.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Gürcüstanın “Birgə investisiya fondu”nun keçmiş rəhbəri Giorgi Baçiaşvili “Gürcü arzusu”nun təsisçisi Bidzina İvanişviliyə məxsus 8986 bitkoini mənimsəməkdə ittiham olunur.
Gürcüstanın 24 ge saytı yazır ki, məsuliyyətdən yaxa qurtarmaq üçün dövlət sərhəddini keçməyə çalışan Giorgi Baçiaşvili mayın 26-da Qırmızı körpü ilə Sadaxlı arasında yerləşən “yaşıl sərhəd” hissəsində nəzarət altına alınıb.
Gürcüstanın Cinayət Məcəlləsinin 344-cü maddəsinin birinci hissəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Qeyd olunan maddəyə əsasən o ilk növbədə qanunsuz şəkildə dövlət sərhəddini keçməyə cəhd etdiyinə görə sorğulanacaq. Bu maddə ilə Baçiaşvilini 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Onu da qeyd edək ki, Baçiaşvili həm Gürcüstan, həm Rusiya vətəndaşıdır və bir müddət idi ki, beynəlxalq axtarışda idi. Onun həbsi anonim zəng əsasında baş tutub.
İlahə BAYINDIR