Ölkəmizin iqtisadi potensialının gücləndirilməsi, sosial siyasətin səmərəliliyinin artırılması və vətəndaş cəmiyyəti nümayəndələrinin, xüsusilə gənc mütəxəssislərin dövlətçilik xəttinə dəstək verən fərdi təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir. Gənclərin fərqli sahələr üzrə irəli sürdükləri təkliflər həm sosial həmrəyliyin, həm də gələcək nəsillərin vətənpərvərlik ruhunun formalaşmasına xidmət edir.
ELAZ.İNFO xəbər verir ki, gənc iqtisadçı İlkin Quliyev şəxsi fikirləri və təklifləri ilə dövlətə və dövlətçiliyə hər zaman dəstək olmağa hazır olduğunu bildirib.
Hal-hazırda öz peşəsi üzrə çalışmasa da, iqtisadiyyat sahəsinə böyük maraq göstərdiyini deyən İ.Quliyev qeyd edib ki, Azərbaycan iqtisadi tərəfdən bir çox dünya ölkələrindən irəlidir və çox böyük potensiala malikdir. Dövlət başçısının yürütdüyü uğurlu xarici və daxili iqtisadi siyasəti tam dəstəklədiyini vurğulayan gənc iqtisadçı, qazilərimizin məşğulluğu ilə bağlı diqqətçəkən bir təklif irəli sürüb.
İlkin Quliyev açıqlamasında bildirib ki, əmək qabiliyyəti olan Qarabağ qazilərinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrin arxa cəbhəsində (sürücü, sobaçı, mühafizəçi, aşpaz, anbardar və digər köməkçi işlərdə) işlə təmin olunması daha məqsədəuyğundur. Onun sözlərinə görə, qazilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xətti ilə deyil, məhz hərbi mühitdə, arxa cəbhədə fəaliyyət göstərməsi həm xalqımızın, həm də gələcək nəslin torpağa, vətənə və orduya olan sevgisini daha da artırar. Gənc iqtisadçı vurğulayıb ki, vətən naminə canından keçən insanların işsiz qalmaması dövlətimizin və cəmiyyətimizin mənəvi ucalığı üçün mühüm şərtdir.
İlahə BAYANDIR
