Gərninin 2800 il əvvəl adı Geğam və ya Qarni yox, Gərni olub!
ELAZ.İNFO xəbər verir ki, bu barədə 1963-cü ildə Gərni qalasında arxeoloji qazıntılar zamanı aşkar olunmuş Urartu hökmdarı I Argiştinin hakimiyyəti dövründə tərtib edilmiş mixiyazılı kitabədə məlumat verilir.
E.Xanzadyanın mülahizəsinə görə kitabə Urartu hökmdarının əmri ilə baş hissəsi sındırılmış vişapın (vişap – balıq, əjdaha və ilan başı formasında olan menhir) üzərində yazılıb. Kitabədə Gərni ölkəsindən (KUR.Giarni[ani]), onun hökmdarından və Gərni dağlarından bəhs olunur. Sonradan Gərniyə köçürülmüş ermənilər bu dağların adını “Geğam dağları” adlandırıblar, qalanı da Geğam qalası. Gərnidə Helios məbədi 1940-50-ci illərdə yaxınlıqda qalıqları tapılmış qədim bütpərəstlik məbədinin qalıqları əsasında inşa olunub. Həm də Afina Panteonu formasında. Əslində necə olub məlum deyil.
Ermənistan hakimiyyəti cəmi 70 il əvvəl inşa olunan bu “bütpərəstlik məbədini” 2025-ci ilin sentyabrında UNESCO-da qədim tarixi miras kimi təsdiq etməyə hazırlaşır. Bizim yetkili hakimiyyət qurumları isə hələ də susurlar. Bir azdan yalançı hay-küy qoparacaqlar…
P.S. Urartu kitabəsinin şəkli Emma Xanzadyanın müəllifi olduğu Gərni qazıntılarının IV cildində çap olunub. Mətni ilk oxuyanlar isə A.Arakelyan və N.V. Arutyunyan olub.
Ramin ƏLİZADƏ
Tarixçi, tədqiqatçı