Azərbaycan gənci bu gün iki qorxunc seçim arasında qalıb: özəl sektorda həddən artıq işləmək, ya da dövlət qulluğunda imkansızlığı qəbul etmək. Bu ikili tələ, ölkənin ən parlaq beyinlərini xaricə göndərən əsas səbəbdir.
Bu gün özəl sektorda minlərlə gənc var ki, sutkada 18 saat işləyir. Bu, Əmək Məcəlləsinin kobud şəkildə pozulmasıdır.
Bu zəhmətin qarşılığında nə alırlar? Cəmi 450-500 manat.
Gənclər bu intensiv rejimdə həm sağlamlıqlarını itirirlər, həm də cəmiyyətdən təcrid olunurlar. İşverənlər isə onların çətin vəziyyətindən istifadə edərək, ucuz işçi qüvvəsi əldə edirlər. əlbəttə ki, sahibkar da, işçisindən az işləmir. Çünki qazanc əldə etmək üçün, komunal və digər yükləri ödəyim şirkəti və ya bir obyektin qapısını əbədi bağlamamaq üçün 24 saatdan biraz az işləməlidən. Bəzən 24 saat belə.
Gənclər bilirlər ki, bu işdən çıxsalar belə, başqa yerdə də şərtlər yaxşı olmayacaq.
Dövlət İşi: Maaş Yoxdur, Şərtlər Ağırdır
Özəl sektordan yorulan gənclər dövlət işinə üz tutmaq istəyirlər. Amma burada da başqa bir maneə ilə rastlaşırlar:
1. Aşağı Maaş: Dövlət sektorunda maaşlar sabit olsa da, başlanğıc vəzifələr üçün minimal yaşayış xərcini qarşılamaqda çətinlik çəkir. Motivasiya aşağı düşür.
2. Rəsmi elanlara baxmayaraq, bir çox gənc inanır ki, dövlət işinə girmək üçün bilik və bacarıqdan çox, “arxa”, yəni “dayday” lazımdır. Bu, sosial ədalətə inamı tamamilə öldürür.
Niyə Gənclər Ölkəni Tərk Edir?
Gənc üçün seçim budur: Ya qanunsuz iş şəraitini qəbul et, ya da maaşsız və “dayday”sız qal.
Bu çıxılmaz vəziyyət isə yalnız bir yola aparır: Kütləvi miqrasiya!!!
Ölkəmiz ən savadlı, enerjili və dil bilən gənclərini itirir, çünki onlar başqa ölkələrdə əməklərinin qarşılığını, bərabər imkanları və insana hörməti tapırlar.
Bu gedişlə, yaxın illərdə Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirmək üçün lazım olan yerli ixtisaslı kadr qıtlığı ilə üzləşəcək və xaricdən işçi qüvvəsi gətirmək məcburiyyətində qalacaq.
Sual: Bəs dövlət və özəl sektor, gənc beyinləri bu cür ucuz istismar edərkən, ölkənin gələcəyini necə qurmağı düşünür?
Ruslan MƏMMƏDOV


