Müqəddəs Kəbə evinin ziyarəti haqqında
Dinimizin nə qədər elmli və müasir bir din olduğunu insanlara çatdıraq…
Bağışlayan və mehriban Allahın adı ilə
Ali-İmran-96-97. “Həqiqətən, insanlar üçün ilk bina olunan ev Məkkədə olan evdir. Bərəkətlidir və aləmlərin əhlinə hidayətdir. Onların qibləsi və ibadətgahıdır. Orada aşkar əlamətlər, İbrahimin məqamı vardır. Oraya daxil olan, dünya qisasından amanda olar. Həccə gedib ziyarət etmək bütün insanlar üçün vacibdir. O insanlara ki, müəyyən şərtləri yerinə yetirə bilsin, yol getməyə qüvvəsi olsun. Həqiqətən, Allah aləmlərin əhlindən ehtiyacsızdır.”
Bəli, Qurani-Kərimin bir çox ayələrində buyurulduğu kimi, İslam dinində olan insanların Kəbə evini ziyarət etməsi, yəni Həcc və Ümrə əməllərini yerinə yetirməsi vacib əməllərdən biridir. Əlbəttə, Furidun dində buyurulan digər hökmlər (oruc, namaz, cihad və s.) kimi Həcc əməlinin də yerinə yetirilməsinin müəyyən hökm, şərt və qanunları vardır.
Qadir Allah mənə də Həcc və Ümrə ziyarətlərini qismət etmişdir. İlk dəfə Həcc ziyarətinə 2002-ci ildə getmişdim. Bu ilk ziyarət mənim qəlbimdə və ruhumda çox böyük təsir qoymuşdu. Bu ziyarətə getdiyim zaman, Həccin bütün qaydaları və əməlləri haqqında məlumatları, Kəbə evinin və islam dininin bütün tarixini öyrənmişdim. Çünki, getdiyim bu yolun mənasını, əhəmiyyətini, hikmət və mahiyyətini dərk etmək istəyirdim. Bu ziyarətə getmək üçün qəlbimdə elə bir həsrət və məhəbbət yaranmışdı ki, sanki ruhum cismimdə qərar tuta bilmirdi…
İlk dəfə getdiyim bu ziyarətdə yaşadıqlarım mənim gələcək həyatımı müəyyən etdi. Ağ ehram geyinərək, (kəfən) Kəbə evini təvaf etdiyim zaman, sanki Qiyamət gününün dəhşətini yaşadım. Məhşər gününün sorğu-sualları qarşısında, qorxu və sevinc duyğusunun bir-birinə qarışdığı, göz yaşlarımın sel kimi axdığı bir halda etdiyim ilk təvaf, hələ ölməmiş, ölümdən sonrakı həyatı açıq-aydın mənə göstərdi. Sonra Həccin vacib əməllərindən olan, Sərva və Mərva dağları arasında edilən səyy zamanı, Həcər anamızın balası İsmayıl üçün su axtararkən keçirdiyi həyacanını yaşadım. Özümün, doğmalarımın və dostlarımın bütün çətinliklərindən qurtarması üçün Allaha yalvardım. Onu da qeyd edim ki, Sərva və Mərva dağları arasında yetmişə qədər Peyğəmbərlərin qəbirləri yerləşir.
Şeytana daş atmaq zamanı isə minlərlə zəvvarın atdıqları daşlar arasında, özümün atdığı daşın dəydiyi yeri görmək və o daşın səsini eşitmək, məni çox təəcübləndirdi. Hətta, Qurban kəsməyə getdiyimiz zaman, hər kəsin kəsəcəyi qurbanın, necə özünə bənzədiyinin də şahidi oldum. Bir sözlə orada çox, təəcüblü və heyrətamiz hadisələrlə rastlaşdım. Çox gözəl, qəlbim və ruhumda böyük iz buraxan bu Həcc ziyarətini Alim Allah mənə yaşatdığı üçün, Allaha çox şükürlər olsun.
Həcc ziyarəti və bu ziyarət əməllərinin yerinə yetirilməsi zamanı bizim qəlbimizin çırpınaraq, ruhumuzun cismini belə unudaraq, gözyaşları içində, özünü tək-tənha Allah qarşısında hiss edərək bağışlanma diləmək Allahın biz müsəlmanlara verdiyi böyük bir nemət və fürsətidir. Çünki Allah bizləri bu dünyada ikən bağışlayır, əbədi dünyamızda isə bağışlanma diləmək artıq gec olacaqdır. O müqəddəs yerləri ziyarət edən hər bir zəvvar sanki öz ruhundan orada hissəciklər qoyur və həmişə qəlbi, ruhu ora getməyə can atır. Həccə gedib-gələn insanlarda Allah qorxusu, Qiyamət gününün qorxusu, bu dünya aləmində çirkablara batmaq qorxusu daha da artıb çoxalır. Həcc ziyarətinə gedib, bu hissləri yaşayan insanların dünyaya və insanlara baxışında böyük bir inqilab baş verir və insan hər şeyə gözəl gözlərlə baxır. İnsan Həcc ziyarətindən sonra kiçik (kliniki) ölümü yaşayıb, dirilən insan kimi, Allahın bizə bu ötəri dünyada verdiyi bütün nemətlərə dəyər verərək, şükür edib, bütün varlıqları sevməklə bərabər, əbədi dünya haqqında daha çox düşünür. Bu ziyarətdən gəldikdən sonra, yaşadığım hallar səbəbindən bir daha başı açıq gəzə bilmədim…
Bu ziyarətdən sonra, bir çox ölkələrdə olan ziyarətgahları dəfələrlə ziyarət etmişəm. Lakin Allahın müqəddəs torpaqlarını və müqəddəs bildiyi seçmə bəndələrinin məqamlarını ziyarət etməkdən heç vaxt doymamışam. Bəlkə də, bu həsrət Allaha olan məhəbbətimizin, Allahın bizə əmanət verdiyi ruhumuzun həsrətidir və yəqin ki, bu vəziyyət Allaha qovuşana qədər davam edəcəkdir…
Oradan gəldikdən sonra həyatımı dinimizi daha dərindən öyrənmək və dinimizin nə qədər elmli və müasir bir din olduğunu insanlara çatdırmaq və Allah yolunda cihad etməyə sərf edəcəyimi qərara aldım. Bu niyyətlə 2012-ci ildə “İslam dininin həqiqətləri” adlı bir kitab ərsəyə gətirdim. Orada islam dinini əhatə edən bütün elmləri haqqında məlumatlar verilmişdir. 2015-ci ildə isə “İsmi Şəriflərin hikmətləri” adlı ikinci kitabı hazırladım ki, burada da Allahın bütün İsmi Şərifləri haqqında müəyyən məlumatları verməyə çalışmışam.
İkinci dəfə Ümrə ziyarətinə 2019-ci ildə getmişdim və bu ziyarətdə də həmin duyğuları yaşadım. Oradan gəldikdən sonra Allahın izni ilə 2020-ci ildə daha iki kitabı “Surələrin fəzilətləri və dualar” və “Quranın qısa təfsiri, təcvidi və hərflərin möcüzələri” adlı iki kitabı ərsəyə gətirdim.
Əlbəttə, dinimizə qarşı olan bu məhəbbətin əsas bünövrəsi uşaq vaxtımda, ailəmdə gördüyüm təlim və tərbiyədən qoyulmuşdu. Uşaq vaxtımdan Allahın, onun mələklərinin, İsmi şəriflərinin, Hz.Peyğəmbər və Əhli-beytinin həmişə mənim yanımda olduqlarına qəlbdən inanmışam. Əminliklə inanmışam ki, biz özbaşına deyilik və hər birimizin üzərində Allahın, mələklərinin və elçilərinin nəzarəti vardır. Bu inam məni həmişə zəhmətkeş olmağı, valideyin və doğmalarıma qarşı diqqətli olmağı və Allahın bəyəndiyi kimi yaşamağı öyrətmişdir.
Uşaq vaxtımdan nənəm Umxanımla çox yaxın olmuşam və bu gün də onun ruhuna duaçıyam. Nənəm məni Qubada və Bakıda olan bütün məclis, təkyə və ehsanlara aparardı. Hətta nənəm məni aparmaq istəməyəndə özüm təkid edərdim ki, məni də məclisə aparsın. Evimizdə də, Ramazan, Məhərrəm və digər müqəddəs günlərdə ehsanlar verilərdi və tez-tez qadın məclisləri olardı. Yadımdadır ki, 5-6 yaşında olanda nənəmlə Seyidə xanımın yanına Quran oxumağa gedərdik və mən də nənəmlə birlikdə Quran öyrənirdim. Bu mühütün də mənim bir dindar kimi yetişməyimdə böyük rolu olmuşdur. Bütün bunlara baxmayaraq nənəmin həyat yoldaşı Bəy nəslindən olduğu üçün o, çox müasir dünya görüşlü bir insan idi. Yeri gəlmişkən Bəy babalarım (Həsənbəyovlar) haqqında tarixçi Şahin Fərzəliyevin “Quba tarixi” kitabının 307 səhifəsində məlumatlar yazılmışdır.
Anam Qəribə xanım o vaxtlar 1-№ Orta məktəbdə müəllimə, sonra isə Bakıda maarif nazirliyində çalışırdı. Onun çox tələbkar və dəqiq insan olmağı da mənim məktəbdə yaxşı oxumağıma və musiqi məktəbini əla qiymətlərlə bitirməyimə böyük təsir etmişdir. Anam və nənəm mənim ali təhsilli olmağımı və yüksək yerlərdə işləməyimi arzu edirdilər. Məktəbi bitirdiyim il Xalq təsərüfatı instutuna qəbul oldum və iş fəaliyyətimə başladım. Sonra isə ailə həyatı və evladlarla məşğul olmağıma baxmayaraq bir qüvvə məni dinimizə tərəf çəkirdi. Bu zaman ərzində mənimlə olan qüvvələr daima yanımda idilər və məni həqiqi həyata, Allaha doğru çağırırdılar. Bu elə bir yol idi ki, dünya həyatını ikinci plana qoymalı və yalnız dinimizi öyrənməklə məşğul olmalıydım. Mən də, Allahın mənə verdiyi lütf və mərhəmətini qəbul etdim və həyatımı yalnız dinimizi araşdırıb, öyrənməyə həsr edəcəyimə qərar verdim. Bu məqsədlə 2000-ci ildə İslam unversitetinə daxil oldum və Bakı Dövlət İnversitetin müəllimlərindən də ayrıca təhsil aldım. Bəli, bu gün arzum odur, son nəfəsimə kimi Allah bu yoldan məni ayırmasın…
İndi isə Kəbə evi haqqında qısa da olsa məlumat vermək istəyirəm.
Kəbənin şərq küncündə 1,5 m hündürlükdə yerləşdirilmiş “Qara daş” və ya “Əsvəd daşı” gümüşü çərçivə ilə qorunur. Həmin bu daşın tarixi haqqında bütün dünya alimləri belə yazırlar ki, Kəbə evinin yerində əvvəllər yerləşən, Beytul-məmur, Firdevs Cənnətində qırmızı yaqutdan bir yüksək qübbə, idi. Haqq-taala, Hz.Adəmi Cənnətdən yer üzünə endirdiyi zaman tövbəsini qəbul etməsi üçün ona ikram olaraq Beytul-məmuru yüksək Cənnətdən bu dünyaya endirmiş və Kəbənin yerinə qoymuşdur. Bu Hz.Adəm üçün Cənnət yadigarı olsun, onu təvaf və ziyarət etsin. Beytul-məmurun iki qapısı vardı. Biri şimala, biri də cənuba açılardı. Beytul-məmurun içində nurdan üç qəndil var idi. Onların işığı nə qədər yeri aydınlatmışsa, o ərazi indi Kəbənin həramı olmuşdu. Allahın əmri ilə yeddi göydə olan mələklər növbə ilə enib, Hz Adəm ilə birlikdə Beytül-Həramı təvaf edərdilər. Beytul-məmur, Hz.Adəmdən sonra Həzrəti Nuh zamanına qədər yer üzündə idi. Buradan tufandan əvvəl dünya göyünə qaldırılmışdır. Qiyamətə qədər orada qalıb, sonra yenə Cənnətdəki yerinə qaldırılacaqdır. Beyti-məmurun yer üzündə olan məkanında, Hz.İbrahim Allahın əmri ilə Kəbəni bina etmişdir. Əgər Beytul-məmur, göydən düşsə, Kəbənin üzərinə enər. Yerdəki Kəbə ilə göydəki Beytul-məmurun arası haramı şərifdir. Hələ də Kəbənin divarında qoyulan və öpülən Həcəri-Əsvad daşı Beytul-məmurdan yadigar qalmışdır. Bu daş qırmızı yaqut ikən, tufanda Allahın əmri ilə Həcəri əsvəd (qara daş) olmuşdur. Beytul-məmurun dünya səmasında olmasının səbəbi odur ki, hər gün ora yetmiş min mələk girib, onda namaz qılarlar. Bunlar bir sinif mələklərdir ki, Beytul-Məmura bir dəfə girənə Qiyamətə qədər daha növbə çatmaz. (“Mərufətnamə” İbrahim Haqqi, (Tarixi Təbəri-89)
Kəbə evi Kub şəklində tikilmişdir, tərəfləri təxminən eyni uzunluqdadır. Hündürlüyü 13,1 m, uzunluğu 11,03 m, eni 12,86 m, sahəsi isə 191 m²-dir.
Hicri İsmail – yarımdairə şəklində alçaq bir divardır. Qədim Kəbənin divarı burada yerləşirdi. Burada Həcər ana və Hz. İsmail qəbirləri vardır.
Kəbənin Yəmən guşəsi isə Kəbənin cənub küncüdür. Bütün zəvvarlar böyük izdihama baxmayaraq, həmin o “Həcəri- əsvəd” daşına əl vurub, öpməyə çalışdıqları kimi, yəməni güşəsində yer alan böyük bir yarığa da əl vurub, öpməyə çalışırlar. Onlar qeyd edirlər ki, buranı Hz. Peyğəmbərimiz, peyğəmbərlik verildikdən sonra, Miladı 630-cu ildə etdiyi Ümrə ziyarətində və axırıncı Həcci- vida ziyarətində olduğu zaman Kəbənin bu hissəsinə əlini vurmuş və bu yarığı öpmüşdür. Bu səbəbdən də hər kəs bunu təkrarlamağa çalışır. Lakin bu yarığın əsil tarixini və peyğəmbərin məhz buranı daha çox əzizlədiyinin səbəbini bilmək istəmirlər. Əsas səbəb isə bundan ibarətdir ki, həmin o Kəbə evinin cənub küncündə olan yarığ, Hz.Əlinin anası Fatimə binti Əsədin təvaf zamanı divar yarılaraq onu qoynuna aldığı məkandır və Hz. Əli əvvəl və son insandır ki, Kəbə evində dünyaya gəlmişdir. Onun anası üç gündən sonra Hz.Əli qucağında, həmin o Kəbə evinin küncü aralanaraq, oradan çıxmışdır. Hz. Əlinin adını da Cəbrail (ə.s.) Allahın izni ilə Ərşdən endirmiş və bu isim Allahın Əla İsmi şərifi idi. Bu səbəbdən də, Kəbə evinin bu küncü çox müqəddəs və dəyərlidir.
Mən qisa da olsa, Kəbə evində zəvvarların təvafdan sonra daha çox əl vurub, öpməyə can atdıqları “Qara daş” və Kəbənin cənub küncündə yerləşən yarığın tarixi haqqında məlumatı qeyd etdim.
Bir də qeyd edim ki, Kisva adlanan, üzərində qızılı sapla tikilmiş qara ipək parçadır və Kəbəni kirdən və yağışdan qorumaq üçün örtük olaraq istifadə olunur. Örtük hər il Zülhiccə ayının 9-cu və ya 10-cu günü dəyişdirilir.
Qahirə Universitetinin coğrafiya üzrə professoru Hüseyn Kəmaləddin Yerin maqnit mərkəzinin Kəbənin yerində olduğunu aşkar etmişdi.
Bəli, içincü dəfə getdiyim Ümrə ziyarəti demək olar ki, təsadüfü oldu, ancaq bunu qeyd edim ki, bütün təsadüflər zərurətdən doğar və hər halda o müqəddəs yerə Allahın bir dəvəti də var idi. Bir gün bütün qohumlarımın iştirak etdiyi bir məclisdə Ümrə ziyarətinin həsrətində olan qohumlarımdan biri belə bir təkliflə mənə müraciət etdi və məslisdə olan xanımların hamısı bu ziyarətə getmək istədiklərini bildirdilər. Nəhayət, qohum və dostlardan ibarət olan 12 nəfərlik bir qrupla Tariq toura” ziyarət turu” müraciət etdik və bu ziyarətdən cox razı qayıtdıq. Bütün vacibi əməlləri yerinə yetirməklə yanaşı Nur dağını da ziyarət etdik və Peyğəmbərimizə ilk vəhy gələn mağarada namaz qıldıq. Qayıtdıqdan sonra da, hamımız cəm halında, birləşərək gözəl bir ehsan süfrəsi təşkil etdik ki, sevincimizi və ziyarət təsuratlarımızı qohum və dostlarla bölüşək. Təşkil etdiyimiz məclisin gözəl bir məkandan qeyd edilməsi üçün əzizimiz Könül xanıma müraciət etdim və onun idarə etdiyi Zu-Zu restoranında gözəl və əzəmətli bir məclis keçirdik. Bu məclisdə qohum və dostlardan əlavə Vətənimizin dəyərli iş xanımları, jurnalistlər və dövlət və qeyri dövlət qulluqçuları da iştirak edirdi. Məclisdə Vətənimizin gözəlliyi, dövlətimizin əzəməti və Azərbaycan qadınlarının necə gözəl və zəhmətkeş olması haqqında çıxışlar olundu. Həmçinin torpağımız uğrunda şəhid olan şəhidlərimizi yada saldıq, onlara Allahdan rəhmət, qazılərimizə isə Allahdan şəfa dilədik. Ziyalı xanımlarımız bir-bir çıxış etdilər. Eyni zamanda bu məclisdə iştirak edən xanımlarla birgə, bir-birimizə, xalqımıza və Vətənimizə gözəl dualar etdik.
Ümumiyyətlə, hər ziyarətdən gəldikdən sonra, həmçinin mənim üçün əziz və dəyərli günlərimdə belə məclisləri təşkil etməyi və bu məclislərdə dinimizi elmi əsasda gözəl təqdim və təbliğ etməyi özüm üçün bir öhdəçilik bilirəm. Çalışıram ki, bu məclislərdə xanımlarımıza dinimizi, mətbəximizi, adət-ənənələrimizi və müqəddəs dəyərlərimizi gözəl və lazımınca düzgün təqdim edim ki, öz kökümüzdən ayrılmayaq. Öz milli-mədəni və müqəddəs dəyərlərimizi qoruyub saxlaya bilək. Çünki keçmişimiz olmasa, gələcəyimiz də ola bilməz. Vətənimizin, dövlətimizin, xalqımızın əbədi yaşaması üçün, gələcək nəsillərimizi milli və elmli dini bir ruhda tərbiyələndirməli və bu müqəddəs dəyərləri daima qorumalıyıq.
Allahın nəzəri daima üzərimizdə olsun! Amin!



Ağayeva MƏNZƏR