ELAZ.İNFO, BAKI, 22.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Son vaxtlar 18 yaşına çatmamış gənclər arasında özünə qəsd, intihar, sui-qəsd, yaxud da digər həmcinsləri tərəfindən qeydə alınan ölüm hallarının çoxalması cəmiyyətdə narahatlıq yaradır. Ard-arda qeydə alınan ölüm halları məsələnin ictimailəşdirilməsini tələb edir. Son zamanlar qeydə alınan müəmmalı ölümlərin ardınca Kür çayından tapılan N.Ə. adlı 16 yaşlı qızın qətlə yetirilməsi artıq həyəcan təbilinin çalınmasını zəruriləşdirir. Ailələr, VCİ-lər, məktəblər, ümumilikdə isə mövcud cəmiyyət bu kimi neqativ hallara qarşı mübarizə aparmalıdır. Sağlam ruhlu gənclər bizim gələcəyimizdir, onları qorumaq isə bizim bu günkü nəslin ən başlıca vəzifəsidir.
Məlumat üçün bildirim ki, may ayının 20-də Kür çayının Sabirabad rayonunun Güdəcuhur kəndindən keçən hissəsində bıçaqlanaraq qətlə yetirilən Şirvan şəhər sakini 16 yaşlı qızın meyidi tapıldı. Axtarışlar nəticəsində hadisənin Güdəcühür kənd sakini 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu tərəfindən törədildiyi ehtimal olundu. Cinayəti törədən şəxs -Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu barədə artıq aidiyyatı orqanlar tərəfindən cinayət işi açılıb. Səbəblər və təfərrüatlar araşdırılır.
Hadisənin qanuni tərəflərini açmaq və bununla bağlı cəmiyyətə məlumat vermək hüquq mühafizə orqanlarının işidir, amma hər iki gənci yetişdirən mövcud cəmiyyət isə bir növ günahkardır. Təlim-tərbiyədə boşluqların olduğu açıq-aydın görünür. Vaxtından əvvəl 16 yaşlı qızın qeyri-rəsmi nigahı, 21 yaşlı gənc oğlanın cinayət tərkibli əməli buraxılmış səhvlərin ciddi siqnalıdır. Bütün hallarda bu gəncləri yetişdirən cəmiyyət isə birbaşa günahkardır. Gələcək belə qorunmaz!
P.S. Yeri məktəb olan 16 yaşlı qızın ölümü ilə bağlı Elm və Təsil Nazirliyi nə düşünür görəsən?
İlahə BAYINDIR