FSB Pavelin xaricə “qaçmağına” ona görə icazə vermişdi ki…

Mətbuatda qeyd olunur ki, Telegram azad sosial platformadır. Bu platformada məlumatların çox mükəmməl şifrələnmə sistemi var və onun sahibi Pavel Durov istifadəçilər haqda məlumatları heç bir ölkənin xüsusi xidmətləri ilə bölüşmür. Bu məlumatlar mənə inandırıcı gəlmir. Niyə?

Əvvəl Pavel Durov haqqında:

▪️1984-də Leninqradda universitet müəllimləri ailəsində doğulub.

▪️Orta məktəbi fərqlənmə attestatı ilə bitirib.

▪️Sankt-Peterburq Dövlət Universitetinin İngilis filologiyası və tərcümə ixtisasına qəbul olunub və 2006-da oranı fərqlənmə diplomu ilə bitirib.

▪️Tələbəlik dövründə akademik göstəricilərinə və ictimai fəallığına görə Rusiya hökumətinin təqaüdünə, sonra isə Rusiya prezidentinin təqaüdünə layiq görülüb. 3 dəfə Potanin təqaüdünün laureatı olub. İnformatika, linqvistika və dizayn üzrə olimpiadaların qalibi olub.

▪️Tələbə vaxtı qardaşı ilə birlikdə Facebook-un analoqu olan Student.ru saytını (yalnız tələbələr üçün) yaradıb.

▪️Universiteti bitirən kimi bu saytın bazasında VKontakte sosial şəbəkəsini yaradıb (2006).

▪️Qardaşı ilə birlikdə Telegram`ı yaradıb və 14.08.2013-də internetə çıxarıb.

▪️13.12.2013-də FSB-yə çağırılıb və Ukraynada Maydan hərəkatının təşkilatçılarının VK-da olan şəxsi məlumatları tələb olunub. Pavel bu qanunsuz tələbi icra etməyib. (Pavelin sözlərinə görə)

▪️2014-ün fevralında VKontakte-ni satıb.

▪️22.04.2014-də Pavel Rusiyanı tərk edib və bir daha Rusiyaya qayıtmayacağını bildirib. Müsahibələrindən birində deyib: “Qorxuram ki, mənim üçün geriyə yol yoxdur. Xüsusən də mən hakimiyyətlə əməkdaşlıq etməkdən ictimai şəkildə imtina etdikdən sonra.”

▪️2017-dən Dubayda yaşayır, Telegram`ın Baş ofisi də Dubayda yerləşir.

▪️2017-də Fransa və BƏƏ-nin xüsusi xidmətləri Pavelin iPhone-na daxil olublar. Bəhanələri bu olur ki, İŞİD-in Telegram vasitəsilə muzdlular toplaması və hərbi əməliyyatları planlamasınından şübhələri var. Güman ki, Pavelin FSB ilə əlaqəsi olub-olmadığını yoxlayıblar.

▪️2018-də Pavel Makronla görüşüb. Görüşdə Makron Pavelə təklif edib ki, Telegram`ın Baş ofisini Parisə köçürtsün. Pavel təklifi qəbul etməyib.

▪️18.06.2020-də Kreml Telegram`a qarşı hər hansı tələbdən açıq (mətbuatdan) imtina edib.

▪️06.02.2021-də Dubay əmirinin vəliəhdi şahzadə Həmdan bin Mühəmməd əl-Məktumla görüşüb və Telegram`ın uğurları barədə danışıb.

▪️Bu görüşdən az sonra 2021-in fevralında Pavel BƏƏ-nin vətəndaşlığını alıb.

▪️2021-in avqustunda Fransa ona vətəndaşlıq verib. Bunun üçün nadir əsas tapılıb: “görkəmli fəaliyyəti ilə Fransanın beynəlxalq nüfuzuna və onun xarici iqtisadi münasibətlərinin yaxşılaşmasına töhfə verən fransızca danışan əcnəbi”.

▪️Pavel həmçinin Sent-Kits və Nevisin (cırtdan ada dövləti) vətəndaşıdır. Vətəndaşlığı bu ölkə iqtisadiyyatına qoyduğu investisiya müqabilində alıb.

▪️24.08.2024-də Fransaya müəmmalı səfəri zamanı Paris hava limanında həbs edilib. Qısa müddət sonra ölkəni tərk etməmək şərti ilə zaminə buraxılıb. Hazırda barəsində təhqiqat aparılır. Təhqiqatın əsl səbəbləri tam aydın deyil.

▪️2024-ün avqustunda məlum olub ki, 2015-dən 2021-ə qədər Pavel 50 dəfədən çox Rusiyaya gəlib.

▪️Pavel indiyədək Rusiya vətəndaşlığından imtina etməyib.

▪️Libertorian dünyagörüşünü bölüşür.

Pavel, əlbəttə, istedadlı adamdır. Amma böyük qardaşı Nikolay ondan da istedadlıdır. İxtisasca humanitar olan Pavelə proqramlaşdırmanı öyrədən də Nikolay olub.

🔹 Nikolay Durov haqqında:

▪️1984-də Leninqradda doğulub.

▪️Uşaq yaşlarından vunderkind olub. 3 yaşından oxumağa başlayıb.

▪️10 yaşında İtaliya TV-də onun kub tənlikləri necə həll etməsi barədə xüsusi veriliş olub (o vaxt atası Turində pedaqoji fəaliyyət göstərirdi).

▪️1995, 1996, 1997 və 1998 Beynəlxalq İnformatika Olimpiadalarında 1 dəfə qızıl, 3 dəfə gümüş medal qazanıb.

▪️1996, 1997 və 1998 Beynəlxalq Riyaziyat Olimpiadalarında 3 dəfə ardıcıl qızıl medal qazanıb.

▪️1998-də Sankt-Peterburq Dövlət Universitetinə qəbul olunub.

▪️Tələbə vaxtı Universitetin Hesablama texnikası assosiasiyası komandasının üzvü olub. Bu komanda 2000 və 2001-də Proqramlaşdırma üzrə Beynəlxalq Tələbə Olimpiadalarının qızıl medalını qazanıb.

▪️2005-də “Rasional əmsallı çoxhədlinin Qalua qrupunun hesablanması metodu” adlı dissertasiya işini müdafiə edərək, elmlər namizədi dərəcəsini alıb.

▪️Sonra riyazi təhsilini Bonn Universitetində davam etdirib.

▪️2007-də “Arakelov həndəsəsinə yeni yanaşma” adlı dissertasiya işini müdafiə edərək, PhD dərəcəsi alıb.

▪️Hazırda V.A.Steklov ad. Riyaziyyat İnstitutunun Sankt-Peterburq bölməsində Həndəsə və topologiya laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışır. Hesablama sistemləri, riyaziyyatda induktiv və koinduktiv konstruksiyalar, requlyar fəzalar və requlyar əkslər mövzularında elmi məqalələr dərc etdirir.

▪️VK və Telegram`ın yaradılmasında qardaşı Pavelə kömək edib.

▪️Telegram`da məlumatların şifrlənməsinin müəllifi Nikolaydır.

▪️Pavelin blokçeyn-platforması (kriptovalyutası) TON-un (Telegram Open Network, sonradan – The Open Network) müəllifi də Nikolaydır.

▪️Pavel həbs edildikdən sonra 28.08.2024-də Fransa hakimiyyəti Niolayın da həbs edilməsi barədə order verib.

🔸 İndi isə “Niyə” sualına cavab verək. Əlbəttə, bunları sübut etməyə əsasım yoxdur, sadəcə subyektiv mülahizələrimi yazıram.

Pavelin FSB ilə əməkdaşlıqdan imtina etməsinə inanmıram. Onunla Rusiya prezidentliyi dövründə Dmitri Medvedev də görüşmüşdü. Guya Pavel onun da əməkdaşlıq təklifinə imtina etmişdi. Özü də ondan istənilən məlumatları internet platformalar bütün dünyada hakimiyyətə təqdim edirlər. Pavelin FSB-yə imtina etməsinə həm də ona görə inanmıram ki, Fransa hakimiyyəti eynisini tələb edən kimi Pavel onlarla əməkdaşlığa razı oldu və minlərlə adamın (cinayətdə şübhəli bilinənlərin) məlumatlarını onlara verdi.

FSB-yə imtina etməsinə baxmayaraq, Pavelin ölkədən çıxmasına icazə verirlər.

Güman ki, Pavelin “FSB-yə tabe olmaması” əfsanəsini elə FSB düşünüb və onun Rusiyadan “qaçmasını” da FSB təşkil edib. Telegram`ın Baş ofisinin xaricdə olması onu xarici ölkə vətəndaşları üçün daha etibarlı edir. Yəqin ki, FSB-nin məqsədi bu platformaya bütün dünyadan daha çox istifadəçi toplamaq olub. CIA-nin əlində Facebook, Twitter və s. “sosial silahı” olduğu kimi FSB də Telegram`ı eyni məqsədlə istifadə etməyə çalışır.

Amma Telegram`ın “beyni” olan Nikolay Rusiyada yaşayır və yəqin ki, heç yerə buraxılmır.

Pavel həbs ediləndə, fikir verdim ki, Rusiya narahat olmadı. Əslində, çox narahat olmalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Nəyə görə? Ukrayna müharibəsində Rusiya hərbçilərinə Telegram`dan başqa hər hansı sosial şəbəkədən (mesencerdən) istifadə etmək qadağan olunub. İstənilən s.şəbəkədə olan məlumatlar dərhal Qərb kəşfiyyatına məlum olurdu, Telegram`dan isə Qərb kəşfiyyatı məlumat ala bilmirdi.

Hesab edirəm ki, Pavelin Fransada tutulması da bununla bağlıdır. Onun terrorçuların və ya pornoqrafik kontenti bloklamamasına görə ittiham edilməsi, məncə, bəhanədir. Çünki o əvvəllər də dövlət orqanlarının rəsmi müraciəti əsasında belə kontenti bloklayırdı. Əsas məqsəd şifrələmə açarını ələ keçirmək olub.

Məntiqlə Pavel Fransada tutulan kimi Rusiya hərbçiləri Telegram`da bütün kontaktlarını silməli və ondan istifadəni dayandırmalı idilər. Lakin bunu etmədilər. Rusiyada bu arxayınlıq hardan idi ki, Pavel şifrələri Parisə verməyəcək?

Məsələ burasındadır ki, Pavel filoloqdur, o, şifrələməni heç bilmir də. Fransa nə qədər sıxsa da Pavel bilmədiyi şeyi onlara izah edə bilməz.

Şifrələmə açarını bilən Nikolay isə Rusiyadadır. Buna görə Pavel tutulandan 3 gün sonra Nikolayın həbs edilməsi barədə order verilib. Yəqin ki, FSB də Nikolayı mühafizəyə götürüb. Paveldən fərqli olaraq, Nikolay;n haqqında internetdə çox az məlumat var, hətta şəkilləri barmaqla sayılan qədərdir.

Yəni FSB Pavelin xaricə “qaçmağına” ona görə icazə vermişdi ki, onsuz da o, şifrələmə açarını bilmir. Pavel, sadəcə, istedadlı menecerdir.

Bax belə…

Asif ŞƏFƏQQƏTOV

Bizimlə oxuyun
Verified by MonsterInsights