ELAZ.İNFO, BAKI, 16.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barrot Rusiya prezidenti Vladimir Putinin danışıqlarda iştirak etməməsini tənqid edib.
Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirib ki, Rusiya Ukrayna ilə sülh danışıqlarından imtina edərsə, ona qarşı daha əhatəli sanksiyalar tətbiq olunacaq.
NATO xarici işlər nazirlərinin Antalyadakı NEST Konqres Mərkəzində keçirilən qeyri-rəsmi toplantısının ikinci günündə Barro mətbuata İstanbuldakı sülh danışıqlarını dəyərləndirib.
Barro Rusiya prezidenti Vladimir Putinin danışıqlara qatılmamasını tənqid edərək, əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenski “sözünü tutdu” və danışıqlar üçün Türkiyəyə gəldi, lakin “boş stulla qarşılandı”.
“Əlbəttə, Vladimir Putin bu gün (danışıqlarda iştirak etmək üçün) aşağı səviyyəli nümayəndə heyətini Türkiyəyə göndərdi, çünki o, ABŞ və Avropanın onu sülh danışıqlarına başlamağa məcbur edəcək hərtərəfli sanksiyalarından qaçmaq istəyir.
İstanbulda keçirilən sülh danışıqlarında Rusiya və Ukraynadan olan texniki heyətlər arasında aparılan danışıqlardan sonra “şərtsiz və dərhal” atəşkəsə ümid etdiklərini təkrarlayan Barrot, Fransanın müdafiə xərclərini artırdığını xatırladıb.
Jurnalist Almaniyanın xarici işlər naziri Yohan Vadefulun ABŞ prezidenti Donald Trampın NATO üzvlərinin müdafiə xərclərini 5 faizə qədər artırmaq tələbini dəstəklədikləri barədə bəyanatını xatırladaraq, Fransanın məsələ ilə bağlı mövqeyini soruşub.
-“(Fransa Prezidenti) Emmanuel Makron artıq bildirib ki, 3-3,5 faizlik hədəf ittifaq ölkələrinin və xüsusilə də Avropa ölkələrinin təhlükəsizliyini təmin etmək üçün (müdafiə) imkanlarındakı çatışmazlıqların maliyyələşdirilməsi üçün düzgün hədəfdir. Biz bilirik ki, təhlükə səviyyəsi artır, çünki bizə daha çox ehtiyac var”, – deyə nazir cavab verib.
XİN rəhbəri əlavə edib ki, “ABŞ Avropanın təhlükəsizliyi üçün müəyyən məsuliyyəti avropalıların üzərinə keçirmək istəyir. Biz bunu alqışlayırıq, çünki NATO-da baxışımızı və imkanlarımızı təkmilləşdirmək istəyirik”.
Rusiya və Ukrayna arasında aparılan danışıqlara gəlincə, Barrot Almaniya, İngiltərə və Fransa da daxil olmaqla Ukraynaya dəstək verən “Könüllülər Koalisiyası”nın açıq və 30 günlük atəşkəs tələb etdiyini və indi təklifi qəbul etmək növbəsinin Rusiyanın olduğunu bildirib.
Fransa xarici işlər naziri danışıqların nəticə vermədiyi təqdirdə Rusiyaya qarşı tətbiq edilməsi planlaşdırılan sanksiyaları da xatırladıb.
Bu günə qədər Rusiyaya qarşı tətbiq edilən sanksiyaların dəyərinin 400 milyard avroya yaxın olduğunu qeyd edən nazir, “Rusiya sülh əlaməti göstərmədiyi” üçün “daha da” sanksiyalar tətbiq etmək istədiklərini qeyd edib.
Rusiyaya qarşı yeni məhdudlaşdırıcı sanksiyalar paketi neft və maliyyə institutlarına şamil ediləcək.
O, Qəzzadakı vəziyyətə də toxunub və Qəzzaya humanitar yardımın maneəsiz və geniş miqyasda çatdırılması çağırışını təkrarlayıb. Barro İsrail hökumətinin Qəzzada işğal və gələcək hərbi əməliyyatlarla bağlı açıqlamalarını pislədiklərini vurğulayaraq, Fələstin məsələsinin hərbi yolla həllinin olmadığını bir daha vurğulayıb.
İlahə BAYINDIR