Fikrət Abuzər oğlu Şiriyev Masallı rayonunun Qodman kəndində dünyaya gəlib.
Atasının vəzifəsi ilə əlaqədar olaraq ailə Bakıya köçüb.
Fikrət Şiriyev Bakı şəhərinin ən qədim orta məktəblərindən birini -56 saylı təhsil müəssisəsini müvəffəqiyyətlə bitirib.
Bakı Dövlət Universitetində ali təhsil alıb. Əmək fəaliyyətinə də bu qocaman elm və təhsil ocağında başlayıb. Müxtəlif vəzifələri icra edib. Nümunəvi fəaliyyəti ilə universitet kollektivinin rəğbətini qazanıb. Fəaliyyəti müxtəlif orden və medallarla təqdirə layiq görülüb. Filologiya üzrə fəlsəfə doktorudur.
Fikrət müəllim poeziyanı çox sevir, sözün, sənətin vurğunudur. Poeziya aləmi ilə bağlılığını belə izah edir:
-“Üçüncü sinifdə oxuyanda atam şeirə olan həvəsimi görüb və məni indiki Tofiq İsmayılov adına Məktəblilər Sarayında Ədəbiyyat dərnəyinə yazdırıb. Məktəbi bitirənədək ora getmişəm və dərnəyin rəhbəri, gözəl insan və şair olan Teyyub Qurbandan dərs almışam. O deyərdi ki, insan gərək yaxşılıq etməyi bacarsın və heç vaxt onun qarşılığı barədə düşünməsin. Bu fikirlər uşaqlıqdan yaddaşıma əbədi həkk olunub və həyat amalıma çevrilib. Universitetdə oxuduğum müddətdə Bəxtiyar Vahabzadə, Ağamusa Axundov, Ağa Laçınlı, Şahməddin Xəlilov, Xalid Əlimirzəyev, Fərhad Zeynalov kimi insanlarla qarşılaşmışam və onların hər biri idealıma çevriliblər.
Hələ 2-ci sinifdə oxuyarkən ilk şeirim çap olunub. Amma bir az yaşa dolduqdan, dünyanı dərk etdikdən sonra Əli Kərim, Bəxtiyar Vahabzadə kimi şair ola bilməyəcəyimi anladım. Əgər belə olmayacaqsa, Sabir Rüstəmxanlı demişkən, “şairlik nəyimə gərəkdir mənim,” deyib peşəkar şair olmaq fikrindən əl çəkdim. Ancaq ürəyim dolan vaxtlar şeir yazmaq istəyirəm. Bunu etməyəndə özümü pis hiss edirəm, bütün işlərim tərs gəlir. Qəribə səslənsə də, doğrusunu deyim ki, şeir yazandan sonra özümü çox rahat hiss edirəm, elə bil işlərim də avand olur. Sanki mən bunu etməliyəm”.
SƏNƏ OLAN SEVGİM DƏYIŞMƏYƏCƏK!
Çox şey dəyişəcək, həyatda çox şey,
Çox şey qiymət tapıb-itirəcəkdir.
Vədəli-vədəsiz əsən küləklər
Ömrümüzə nələr gətirəcəkdir-
Sənə olan sevgim dəyişməyəcək!
Yağışlar yuyacaq meşəlikləri,
Zirvələr dumanla döyüşəcəkdir.
Çəmənlər rəngini, güllər ətrini,
Çaylar məcrasını dəyişəcəkdir
Sənə olan sevgim dəyişməyəcək!
Dəniz sahilinə düşən ləpirlər,
Dalğalar qoynunda əriyəcəkdir.
Yazın min təravət verdiyi çölü
Qış ağappag qara bürüyəcəkdir-
Sənə olan sevgim dəyişməyəcək!
MƏNDƏN OLMAZ BİR DAHA
Nəvəm Fikrətə ithafla
Düşünürdüm, məndən olmaz bir daha,
Nə üçünsə bu gümanım səhv oldu…
Mənə əzab vermək üçün gələnin
Necə oldu, bu gəlişi kef oldu?!
Hər bir şeyi alt-üst etdi gör necə?
Bu təzada dözəm gərək beləcə.
Min dil bilən mən mininci dərəcə,
Bir söz bilməz bu birinci növ oldu.
Dəyən kimi bu dünyanın havası,
Gecə-gündüz edir qarın davası.
Azdı məgər başımızın ağası?
Bu da gəlib hamımıza şef oldu.
Bir az qabaq güman idi, şəkk idi,
Onsuz olmur dünyanı görmək indi.
Altı milyard adam içrə tək idim,
İndi təzə Fikrət Şiriyev oldu…
NEYLƏMİSƏN
Baba Pünhanın məşhur -”Sənə çox can dedim, ey can, can olub neyləmisən? qəzəlinə nəzirə
“Sənə çox can dedim, ey can, can olub neyləmisən?”
Sən gələndən həyatım əlvan olub, neyləmisən?!
Mənim məftunluğuma çox da təəccüb eləmə,
Səni görcək yad özü heyran olub, neyləmisən?!
Bir il əvvəl səni təsvir eləmək müşkül idi,
Gör o vaxt dünya necə üryan olub, neyləmisən?!
Heç kəsə qıymadığım vaxt da əlimdən alınıb,
Elə xəlvətcə sənə qurban olub, neyləmisən?!
Hələ bu bir tərəfə, əldən almısan adımı,
Bir adım indi iki ünvan olub, neyləmisən?!
Sən onun da işini səkkiz aya zay elədin,
Neçə min il çalışıb şeytan olub, neyləmisən?!
Mən təsəvvür edirəm beş-on ilə nə olacaq,
Cəmisi 8 aya mehman olub neyləmisən?!…
Babanın həm qaqaşı, qəlbi, canı, həm adaşı,
Hələ bunla yanaşı Elxan olub neyləmisən?!