Kərbəla faciəsi İslam tarixinin ən qanlı və ən sarsıdıcı hadisələrindən biridir. Bu faciə hicri 61-ci ilin Məhərrəm ayının 10-da (miladi 680-ci il) baş vermiş və İmam Hüseyn ibn Əli ilə yanaşı onun ailə üzvləri və silahdaşları Əməvi hökmdarı Yezidin ordusu tərəfindən qəddarcasına qətlə yetirilmişdir. Bu hadisə təkcə bir ailənin və ya bir şəxsin ölümü deyil, haqqla batilin, zülmlə ədalətin, vicdanla mənafelərin toqquşduğu bir qiyam və fədakarlıq zirvəsidir.
Faciənin tarixi kökləri İslam cəmiyyətində xilafət sisteminin dəyişməsi ilə başladı. Həzrət Məhəmmədin (s) vəfatından sonra müsəlmanlar arasında rəhbərlik məsələsində fikir ayrılıqları yarandı. Dördüncü xəlifə Əli ibn Əbi Talibin şəhid edilməsindən sonra onun oğlu Həzrət Həsən qısa müddət hakimiyyətdə olsa da, vətəndaş müharibəsinin qarşısını almaq və ümumi birlik naminə xilafəti Müaviyəyə təhvil verdi. Lakin Müaviyə bu razılaşmanı pozaraq övladı Yezidi hakimiyyətə gətirdi və onu müsəlmanların xəlifəsi kimi tanıtmağa çalışdı. Bu addım İslamda ilk dəfə olaraq xilafətin irsi şəkildə ötürülməsinin başlanğıcı idi. Halbuki Peyğəmbərin (s) qoyduğu prinsiplərə görə rəhbərlik seçki yolu ilə olmalı idi, ədalətli və təqvalı insanlar bu vəzifəyə gətirilməliydi.
İmam Hüseyn Yezidin rəhbərliyini qəbul etmədi, çünki onu İslamın əsaslarına və Peyğəmbərin əxlaqına zidd bir şəxs olaraq görürdü. Hüseynin Yezidə beyət etməsi zülmə boyun əymək, İslamın ruhuna xəyanət etmək demək olardı. Bu səbəbdən o, ailəsi və azsaylı səhabələri ilə birlikdə Mədinədən Məkkəyə, oradan isə Kufədən gələn məktublara əsaslanaraq İraqa doğru hərəkət etdi. Lakin Kufə əhalisi qorxu və satqınlıq səbəbindən Hüseyni dəstəkləməkdən imtina etdi. Nəticədə o, Kərbəla səhrasında Yezidin böyük ordusu ilə üz-üzə qaldı.
İmam Hüseynin məqsədi dövlət çevirmək deyildi, onun məqsədi İslamın həqiqi mahiyyətini qorumaq və haqq bildiyi yolda şəhid olmaq idi. O, azğınlığa, zülmə və mənəviyyatsızlığa qarşı ayağa qalxaraq bütün zamanlara bir nümunə qoydu. Kərbəla sadəcə bir döyüş deyil, həm də bir məktəb, bir dirəniş və şəhadət mədəniyyətidir. İmam Hüseyn 72 nəfərlə böyük bir orduya qarşı çıxdı, su yolları kəsilsə də, aclıq və susuzluq içində olsa da, geri çəkilmədi. Onun sözü də, əməlləri də əbədi oldu: “Zillət bizə yaraşmaz.”
Bu hadisədə kim haqlı, kim haqsız idi sualına cavab vermək üçün nə böyük elmə, nə də dərin təhlilə ehtiyac var. İmam Hüseynin haqq uğrunda canından və ailəsindən keçməsi, Yezidin isə zülmlə, hiylə ilə və zorla hakimiyyətini qorumağa çalışması kifayət qədər cavabdır. Tarix bu gün də Hüseynin adını şəhidlik, ədalət və şərəf simvolu kimi xatırlayır, Yezidi isə zülm, nifrət və nadanlıqla.
Kərbəla faciəsi bu gün də bəşəriyyətə bir çağırışdır: haqqı tanı, zülmə susma, vicdanınla yaşa. Hüseynin durduğu yerdə durmaq – cəsarət, inam və mərdlik tələb edir. O, ölümün gözünə dik baxdı, amma haqsız qarşısında əyilmədi. Bu, bütün zamanların ən ali dərsidir.
Əli İBRAHİMOV