Qarabağ probleminin həlli digər münaqişələrin də həllinə yol açdı. Artıq 100 illik Fələstin problemi də çözülmək üzrədir.
Böyük Britaniya, Kanada, Avstraliya və Portuqaliyanın ardınca, ötən gün Fransa, Belçika, Monako, Malta və Lüksemburq da müstəqil Fələstin dövlətini tanıdı.
Beləliklə, Fələstin dövlətini tanıyan ölkələrin sayı 150-ni keçdi.
Yəhudi-ərəb qarşıdurmasının sülhlə başa çatması üçün əlverişli şərait yaranmağa başlayır.
İki qəddar qüvvənin – HƏMAS və Netanyahunun erası artıq başa çatmaq üzrədir. Son illərdə kifayət qədər yəhudi və ərəb qanının axıdılmasına baiskar olan bu iki şər qüvvə tez ya gec tarix səhnəsindən silinəcək.
“İki dövlətli həll” prinsipi əsasında İsrail və Fələstin dövlətinin dinc yanaşı yaşaması üçün hər iki tərəfdə məhz sülhsevər qüvvələr hakimiyyətə gəlməlidir.
Netanyahunun barışmaz, amansız mövqe tutması Qəzzanı qan gölünə döndərdi. Və bu faciənin baş verməsində Tramp da Netanyahu qədər günahkardır. Çünki sarsaq Tramp pərdə arxasındakı işbaz qüvvələrin istəyilə Qəzzanı fələstinlilərdən təmizləyib kurort zonasına – “Şərqin Rivyerası”na çevirməyi planlaşdırırdı. Və o, bu idbar planını da məhz Netanyahunun əliylə həyata keçirmək istəyirdi.
Lakin dünya birliyi bu vəhşi plana mane olmaq üçün hərəkətə keçdi, Fələstin dövlətini tanımağa başladı.
Günahsız insanların qanlarının axıdılmasında HƏMAS-ın da günahı çoxdur. Bu yırtıcı təşkilat həm 7 oktyabr 2023-cü ildə 1500 nəfərdən çox dinc yəhudini öldürdüyünə və 100-dən çox yəhudini girov götürdüyünə görə, həm də qəzzalıları qisas hədəfinə çevirdiyinə görə məsuliyyət daşıyır.
Və tarix göstərdi ki, HƏMAS kimi, Netanyahu kimi qana susayan radikallar heç vaxt öz xalqlarına hüzur və xoşbəxtlik gətirə bilməzlər.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi