ETN məktəbdə daha bir “innovasiya” etmək istəyir

ELAZ.İNFO

KİV-lərin yazdığına görə, ETN məktəbdə daha bir “innovasiya” etmək istəyir. Bu təhsilin məzmunu və texnologiyası ilə əlaqəli yenilik deyil. Bu da “Məktəblinin dostu” (MD) kimi müəllimə və məktəbə ziyanlı bir “innovasiya”dır. Artıq MD layihəsi 10 ilə yaxındır tətbiq edilir, amma məktəblər də ilbəil batır. MD layihəsi olan məktəblərin sayı artdıqca, məktəblərdə bıçaqlanma və digər qanuna zidd əməllər də artır. Bu layihəyə ayrılan 10 milyon manatı təhsilin konkret problemlərinin həllinə yönəltmək daha yaxşı olardı.
KİV-lərdə yazırlar ki, növbəti yeniliyin mahiyyəti müəllimləri gündə 8 saat məktəbdə (icbari) saxlamaqdır. Dünən ETN-də tədris yükü 5 saat olana müəllim demirdilərsə, sabah da hər gün 8 saat məktəbdə olmayana müəllim deməyəcəklər?
Əgər məqsəd həqiqətən müəllim peşəkarlığını və məktəb təhsilinin keyfiyyətini artırmaqdırsa, gündəlik dərs müddətləri və iş rejimi ilə bağlı belə tənzimləmələr, repetitorluğu rəsmi şəkildə məktəb strukturlarına daxil edilməsi cəhdləri, əks nəticə verəcəkdir. Bu halda tezliklə təhsilin kommersiyalaşması, müəllim azadlığının məhdudlaşmasını müşahidə edəcəyik. Bu “innovasiya” yəqin ki, məktəblərin PHŞ-ə çevrilməsinə hazırlıq üçündür. Amma səhv addımdır. Universitetlər PHŞ olub nə qazandı ki, indi də məktəbləri PHŞ edirlər. Belə “innovsiya”ların yaranma səbəbi ölkədə təhsil strategiyasının yoxluğu və menecerlərin pedaqoji təfəkkürünün zəifliyidir (bəlkə də bu ideya ekspromt yaranıb).
Belə “innovasiya” təhsildə monopoliyaya cəhd və məktəbi biznes məkanına çevirmək arzusundan qaynaqlanır. Məktəbdə bütün müəllimlərin eyni vaxtda olmasına və əmərəli fəaliyyətinə normal şərait varmı? Əksər məktəblərdə bu gün sıxlıqdır. Müəllimlərin belə mənasız vaxt itkisi nəyə lazımdır ? Bəlkə, kimlərsə onları peşəsindən bezdirib, ərizələrini alıb, yeni vakansiyalar qazanmaq istəyir? Sertifikasiya oyunları kifayət deyildi?
Ola bilsin ki, müəllimin iş rejiminin dəyişməsi, 8 saatlıq işə keçid nəticəsində onun maaşı qismən artsın, amma sonrakı inflyasiya ilə bu artım tezliklə yox olacaq, müəllimə qalan elə 8 saatlıq növbətçilik olacaqdır. Müəllimlərin 12 saatlıq dərs yükünün 18 saatlıq yüklə əvəzlənməsi zmnı, maaşların 50 % artması kimi bir “hədiyyə” olacaqdır bu da.
Belə yanaşma praktikada iki nəticəyə yol aça bilər: 1) evdə və kurslarda əlavə dərs deyən müəllimlərin statusu və gəlir imkanları məhdudlaşar, onlar evlərində repetitorluq xidməti etmək üçün məktəb direktoru ilə “razılaşmalı” olarlar, (görünür, 9-11-ci sinif şagirdləri ilə razılaşmalar azlıq edir); 2) məktəb institusional olaraq repetitorluğun bir hissəsini “rəsmiləşdirər”, tədricən məktəb təhsili pullu olar; 3) Təhsil məmurlarının biznes şəbəkəsinə çevrilən kurslar repetitorluq bazarını tam ələ keçirərlər.
Görndüyü kimi, bu mexanizmin arxasında duran motivlər heç də təhsilin inkişafı, onun keyfiyyəti, daha yaxşı insan kapitalı yaradılması yox, təhsil məmurlarının biznes maraqları, bazara nəzarəti və təhsil xidmətlərinin kommersiyalaşdırılmasıdır.
Bu “innovasiya”nın nə kimi ziyanları ola bilər?
a) Müəllim peşəsinin daha da nüfuzdan düşməsi. Müəllimlərin əlavə gəlir mənbələrinin məhdudlaşdırmaqla, onların iqtisadi azadlığı məhdudlaşar, onlar məktəb direktorlardan asılı olar. Məktəblərdə olan kişi müəllimlərin sayı daha da azalar. Müəlimmlərin pedaqoji təşəbbüskarlığı və müstəqil peşəkar inkişafı zəifləyər.
b) Repetitorluğun məktəbə transferi, rəsmi təhsillə kölgə təhsilinin inteqrasiyası, monopoliya riski yaranar. Məktəblərin rəsmi kurs və repetitorluq xidməti göstərməsi bazarda monopoliya yaradar, repetitorluğun ləğvi yox, onun kütləviləşərməsi daha da artırar, əhalinin indiki çətin maddi durumunda az gəlirli ailələr üçün təhsil daha da əlçatmaz olar. Əlavə ödənişli təhsil yalnız imkanlı ailələr üçün mümkün olarsa, sosial ədalətsizlik daha da dərinləşər, ictimai məktəblərin keyfiyyəti və ictimai təhsil xidməti zəifləyər.
d) Etika və açıqlıq problemləri. Məktəblərin repetitorluqdan gəlir götürməsi maraqlar toqquşmasına səbəb ola bilər. Direktorların müəllimləri əlavə kurslara cəlb etməsi, rəqabətin süni məhdudlaşdırılması və şəffaflığın azalması ehtimalı yaradır.

İlham Əhmədov, dosent

Bizimlə oxuyun
Verified by MonsterInsights