…Təhsilimizin irəli getməsi üçün elmi tədqiqatlar lazımdır. Bu çərçivədə yeni təhsil siyasəti modellərini yaratmaq mümkündür. Bura təhsilin məzmunu, metodikası və digər məsələlər aiddir. Həmin dəyişiklikləri birbaşa yox, ardıcıl pilot layihələr çərçivəsində tərbiq etmək olar”. (Təhsil naziri, Emin Əmrullayev). Nazir bu gözəl sözləri 4 il əvvəl demişdir. Amma bir çox başqa yaxşı sözləri kimi, bu sözləri də havada qalmış, reallaşmamışdır. Bəs təhsilimizin irəli getməsi üçün elmi tədqiqatlar hanı? Bu çərçivədə yeni təhsil siyasəti modelləri niyə yaranmadı? Həmin dəyişikliklərə aparan pilot layihələri də görmədik heç… Nazir bu yaxşı sözləri deyirsə, deməli, nəyin yaxşı, nəyin pis olmasını bilir. Dediyi yaxşı sözləri həyata keçirmirsə, deməli vəziyyətin yaxşı olmağını istəmir ya da bunu etməyi bacarmır? Hər ikisi pis haldır. 5 il boşuna getdi, bəs bundan sonra nə etmək istəyir? Görünən budur ki, ETN bütün nöqsanların səbəbkarları kimi özünü yox, başqalarını günahlandırır, sanki, bu qurum heç birvsəlahiyyətə və resursa malik deyil. Əslində isə tam əksidir. ETN-nin hər cür səlahiyyəti və resursları var, sadəcə təhsili inkişaf etdirməyə səriştəsi və niyyəti yoxdur. Bəs onda niyə bu sözləri deyir ki? Mənə elə gəlir ki, bu sözlərlə ictimaiyyətdə yaxşılığa doğru ümid yaratmaq istəyir. Yəni, mənə inanın, məni tənqid etməyin, mən ə etmək lazım olduğunu bilirəm. Tezliklə təhsili ayağa qaldıracağam. Beləliklə, o vaxt udur. Bir neçə ildən sonra isə deyir: mən nə etmək lazım olduğunu bilirəm, amma necə etmək lazım olduğunu bilmirəm. Beləcə söz oyunu ilə 5 ili yola verdi. Amma bu 5 ildə təhsilin çöküşü daha da sürətləndi, kadr korpusu dağıldı, struktur islahatı adı ilə təhsilə lazımsız qurumlar yaratdı və ora təhsilə aid olmayan adamları cəlb etdi. Ən pisi isə budur ki, dünyada və regionda iqtisadi sıxıntılar yaşandığı bir dönəmdə, dövlət təhsilin inkişafına böyük investisiyalar etdiyi halda, bu sahə səriştəsiz və elmə zidd idarəetmə nəticəsində sürətlə tənəzzül edir. Deməli dediyi yaxşı sözlər gözə kül üfürmək üçün deyilirdi. Təhsili çökdürməkdə menecerlərin məqsədi nədir? Hər bir ölkənin təhsil islahatının uğuru əsasən bu 3 amildən asılıdır: islahatın elmi bazası, onun maliyyə təminatı və icraçıların peşəkarlığı. Bizim təhsil islahatlarında bu 3 amil çox zəif təmin edilmişdir. İslahat prosesində sözlə əməl xiddiyyət yaradırsa, əsas amillər təmin edilmirsə, onda islahatın uğursuzluğu təbiidir. TN ETN olandan sonra ümid yaranmışdı ki, təhsil sistemi inkişaf edər, onun elmi təminatı yaxşılaşar, amma bu ümid də boşa çıxdı. Azərbaycanda son 80 ildə aparılan təhsil tədqiqatlarının təxminən 60 + % təhsil tarixinə, 20 % tərbiyəyə aid olubdur. Bunların isə müasir təhsil islahatlarına, təhsil sisteminin qurulması və inkişafına faydası yoxdur. Ona görə də nə təhsil elmlərimiz inkişaf etdi, nə də təhsilimiz. Xüsusən də son 10 ildə ARTİ-nin məqsədli şəkildə çökdürülməsi (buna başqa ad vermək mümkün deyil) təhsilimizə böyük zərbə, təhsil tariximizdə usə bağışlanılmaz səhv addım oldu. Ən pisi isə budur ki, ölkədə təhsilin müasir problemlərini tədqiq edən elmi mərkəzlər, beyin mərkəzləri də yoxdur. Digər problem isə bu məsələləri real araşdıra bilən alimlərin azlığıdır. ETN təhsil islahatlarının elmi təminatının bu kimi ciddi məsələləri ilə məşğul olmaq əvəzinə, söz oyunu ilə məşğuldur, öz səhv qərarlarına və addımlarına bəraət qazandırmaq istəyir.
Dosent: İlham Əhmədov