ElAZ.İNFO xəbər verir ki, İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında Gürcüstanı təmsil edən buzüstü rəqs ustası Qleb Smolkin maraqlı müsahibə verib. İdmançı hazırlıq prosesi, Olimpiya kəndindəki şərait və tanınmış məşqçi Eteri Tutberidzenin komandadakı rolu haqqında danışıb.
Qleb Smolkin bildirib ki, Rusiyanın əməkdar məşqçisi Eteri Tutberidze hazırda onlara məşqçi kimi deyil, daha çox partnyoru Diana Devisin anası kimi dəstək olur:
O, bizi hazırlamır. O, sadəcə Diananın anasıdır, bizə mənəvi dəstək verir, kostyumlarımızla bağlı kömək edir, bəzən nəsə söküləndə tikir. Bizim kifayət qədər məşqçimiz var, Eteri xanım isə ailə qayğısı ilə yanımızdadır. İdmançı Olimpiya kəndində bəzi texniki problemlərin olduğunu da gizlətməyib. O, işıqların sönməsindən və nəqliyyatın qrafikdən kənara çıxmasından danışıb: Bəzən işıqlar yarım günlüyünə sönür, avtobuslar vaxtından tez gedir və ya gecikir. Yeməklər isə çox birtonludur, artıq makaron yeməkdən yorulmuşuq. Smolkin əlavə edib ki, federasiya prezidenti və Tutberidze kəndə onlardan tez gələrək otaqlardakı çatışmazlıqları, o cümədən çarpayı sayının azlığı problemini həll ediblər.
Bu gün, fevralın 6-da keçiriləcək açılış mərasimində Diana Devisin Gürcüstan bayrağını daşıyacağını bildirən Smolkin, bunun böyük bir şərəf olduğunu vurğulayıb:
Diananın bir az həyəcanı var ki, bayraq ağır olar və onu daşımaqdan yorulacaq. Amma bizə bu imkanı yaratdığı üçün Gürcüstan Olimpiya Komitəsinə minnətdarıq. Sonda Smolkin Gürcüstan yığmasının bu il komanda hesabında medal qazanmaq şanslarının yüksək olduğunu və əsas rəqiblərinin ev sahibi İtaliya olacağını qeyd edib.
Ruslan MƏMMƏDOV