Əslində bu adi video deyil, hakimiyyətin xəstəliyinin simptomudur

ELAZ.İNFO xəbər verir ki, 20 iyulda ABŞ prezidenti Donald Tramp öz sosial hesabında süni intellekt vasitəsilə düzəldilmiş 1 dəq. 21 san-lik maraqlı video paylaşıb. Əslində bu adi video deyil, hakimiyyətin xəstəliyinin simptomudur.

Videonun əvvəlində Barak Obama, Co Bayden, Nensi Pelosi, Viktoriya Nuland və başqa Amerika siyasətçilərindən “Heç kim qanundan üstün deyil” sitatları göstərilir.

Videonun ən maraqlı hissəsi 00:38 san-dən başlayır.

Tramp və Obama yanaşı kreslolarda oturublar. Bir neçə saniyə sonra 3 FTB agenti Obamaya yaxınlaşıb, onun qollarını arxaya burub, Trampın qarşısında diz çökdürür. Tramp onun qarşısında başı əydirilmiş Obamaya baxıb gülür. Obamanın qollarını qandallayıb, aparırlar. Daha sonra Obamanı həbsxanada görürük.

Məlumat üçün:

Bu videodan bir gün əvvəl ABŞ Milli Kəşfiyyatnın direktoru Talsi Qabbard “Rusiyanın müdaxiləsini” adlı işin məxfi materiallarını ictimaiyyətə açmış və bildirmişdi ki, həmin iş ABŞ-ın sabiq prezidenti Barak Obamanın FTB-yə göstərişi ilə bilərəkdən saxtalaşdırılmışdır.

Xatırladıram ki, “Rusiyanın müdaxiləsini” işinə əsasən 2016-cı il ABŞ prezident seçkilərinin nəticələrinə Rusiya müdaxilə edib və Trampın seçilməsinə kömək edib. Tramp bütün 1-ci prezidentliyi dövründə “Rusiya agenti” kimi ittiham edilmiş, hətta bununla bağlı Konqresdə xüsusi təhqiqat komissiyası yaradılmışdı. Onun 2020-ci il seçkilərində Baydenə məğlub olmasında da bu ittihamın əhəmiyyətli rolu olmuşdu.

İndi dünyaya ağalıq iddiasında olan dövlətin prezidentinin paylaşdığı videoya baxıram – kimlər idarə edir dünyanı? Əlisi dəli, Vəlisi dəli – qırılmışların hamısı dəli.

A kişi, Obama cinayət işlədibsə, ölkənin prokurorluğu var, məhkəməsi var – cinayətini sübut edin və həbs edin, daha bu nə məzhəkədir çıxarırsınız?!

Asif ŞƏFƏQQƏTOV

Bizimlə oxuyun
Verified by MonsterInsights