ELAZ.İNFO xəbər verir ki, bu gün Masallı rayonunun igid oğlu, Azərbaycanın Milli Qəhrəmanı Elşad Saday oğlu Əhədovun anım günüdür.
Əsl vətən fədaisi olan Elşad Əhədov 1968-ci ildə Masallının Təzə Alvadı kəndində doğulmuş, gənc yaşlarından hərb yolunu seçərək xalqına, torpağına sədaqətlə xidmət etmişdir. C.Naxçıvanski adına hərbi məktəbi və Ukrayna Ali Hərbi Məktəbini bitirərək peşəkar zabit kimi Vətənimizin ən ağır günlərində döyüş meydanına atılmışdır.
Beyləqan istiqamətində gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərən Elşad Əhədov 11 dekabr 1993-cü ildə canını Vətən uğrunda fəda etmiş, şəhadəti ilə xalqımızın yaddaşına qızıl hərflərlə yazılmışdır. Onun igidliyi yüksək qiymətləndirilmiş, ölümündən sonra Azərbaycan Bayrağı Ordeni ilə təltif olunmuş və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Bu gün Masallı rayonunda bir məktəb, şəhərin mərkəzi küçələrindən biri və Təzə Alvadı kəndinin əsas yolu onun adını daşıyır. Bu, xalqımızın öz qəhrəman oğluna göstərdiyi sonsuz ehtiramın rəmzidir.
Ruhu şad olsun!
Qəhrəmanımız heç vaxt unudulmayacaq.
Əli İbrahimov


