Əsl həqiqətdə Qüds kimindir?

ELAZ.İNFO

Netanyahu özünü dalaşqan məhlə uşaqları kimi aparır və hikkə ilə Ərdoğana da deyir ki, “Qüds bizimdir”…

İsrailin baş naziri Beniamin Netanyahu ABŞ-ın dövlət katibi Marko Rubio ilə birgə Qüdsdəki tədbirdə çıxış edərkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sərt ismarıc ünvanlayıb.

Belə ki, Netanyahu deyib ki, “Cənab Ərdoğan, biz buradayıq. Qüds bizim şəhərimizdir, sizin şəhəriniz deyil. Qüds həmişə bizim şəhərimiz olacaq və bir daha bölünməyəcək”.

Bir yandan Qəzzaya yeni hücumların başlanmasına əmr verən, digər tərəfdən isə Ərdoğanı hədəf alan Netanyahunun bu cür isterik bəyanatı onu göstərir ki, o bir siyasi lider kimi çox cahildir, onun tarixdən və beynəlxalq hüquqdan xəbəri yoxdur.

“Qüds bizimdir” demək çox böyük səhvdir.

Çünki Qüds İsrailin deyil.

Bəs, əsl həqiqətdə Qüds kimindir?

Qüdsün konkret olaraq hansı dövlətə aid olması məsələsi bildiyiniz kimi hələ də böyük mübahisə mövzusu olaraq qalır. Çünki həm İsrail, həm də Fələstin eyni israrla bu şəhəri öz paytaxtı hesab edir.

Daha doğrusu, İsrail tərəfi Şərqi Qüds üzərində suverenliyə malik olduğunu iddia edir və Netanyahu da Donald Trampa arxalanaraq Qüdsü öz ölkəsinin “əbədi və bölünməz paytaxtı” elan edir. O, eyni ifadəni Ərdoğana göndərdiyi ismarıcında da təkrarlayaraq bildirib ki, “Qüds həmişə bizim şəhərimiz olacaq və bir daha bölünməyəcək”.

Fələstinlilər də Qüdsü, xüsusilə də onun Şərq hissəsini gələcək Fələstin dövlətinin paytaxtı kimi görür.

Bəs, Birləşmiş Millətlər Təşkilatının (BMT) və dünya ölkələrinin bu məsələdə mövqeyi nədən ibarətdir?

BMT və bir çox dövlətlər İsrailin Şərqi Qüds üzərindəki suverenliyini tanımır və şəhərin statusunun danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayır.

Beləliklə, beynəlxalq hüquqa görə, Qüds şəhəri hazırda heç bir ölkəyə tam olaraq məxsus deyil. Bu şəhər hüquqi statusu mübahisəli olan şəhər kimi tanınır. Və bu məsələnin beynəlxalq səviyyədə uğurlu həll yolu tapılana qədər nə Netanyahu, nədəki Fələstin lideri Mahmud Abbas onu “Qüds bizim şəhərdir” deyib özününküləşdirə bilməz.

O ki, qaldı məsələnin tarixi kontekstinə, hər kəsin bildiyi kimi Qüds hər üç səmavi din (İudaizm, Xristianlıq və İslam) üçün müqəddəs şəhər sayılır. Və bu şəhərə nəzarət hüququ tarix boyu əldən-əldə keçib. Qüds həm yəhudilərin, həm xristianların, həm də müsəlmanların idarəçiliyi altında olub. Son 5 əsrdə isə Qüdsü türklər (Osmanlı sultanları) xəlifə statusu ilə idarə ediblər.

Ona görə də bu gün Netanyahunun “Qüds bizimdir” deyib nöqtə qoymağa çalışması ən azından tarixçilərdə və beynəlxalq hüquq mütəxəssislərində istehzalı gülüş doğurur.

Netanyahu özünü dalaşqan məhlə uşaqları kimi aparıb tarixi təhrif etməkdənsə, tarixi gerçəkliklərə və beynəlxalq hüquqa hörmətlə yanaşsa, daha yaxşı olar.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights