Əsl dost

Gənc bir oğlan hər gün atasına deyərmiş:

-“Mənim də sənin kimi dostlarım var.” Ata hər dəfə etiraz edərmiş ki, “insanın o qədər çox dostu ola bilməz, əsl dost ya bir olar, ya iki, amma bundan artıq həqiqi dost tapa bilməzsən…”

Bu söhbət davam etdikcə mübahisəyə çevrilir… Onlar əsl dostu tanımaq üçün bir imatahan etmək qərarına gəldilər. Bir axşam bir qoyun kəsib bir kisəyə qoydular. Atası oğluna dedi ki, “bu kisəni dostuna apar. ”Kisə qan içində idi, qan damlayırdı, sanki bir adamı öldürüb kisəyə qoymuşdular. Gənc ən yaxın dostu hesab etdiyi birinin evinə gəlir, dostu qan damlayan kisəni görcək dərhal qapını bağladı, dostunu içəri buraxamadı.

Beləliklə, gənc bütün dostlarının evinə gedir amma hər biri eyni cür hərəkət edir. Oğlan atasının yanına geriyə qayıdır. Amma tamamilə sarsılmışdı:

-“Haqlısan ata, bu dünyada nə sənə, nə də mənə əsl dost yoxdur.” Ata ona etiraz edərək:

-“Yox oğul, mənim bir dostum var, bu kisəni götür get onun yanına.”

Oğlan yenidən kisəni götürür və gedir atasının dostunun evinə. O dost onu görüb çox sevinir, gənci dərhal içəri dəvət edir. Evinin arxasındakı həyətdə kisəni yoxlamadan basdırır və yeri bilinməsin deyə üzərinə sarımsaq əkir.

Gənc evə gəlir və atasına deyir:

“Bax, bu, əsl dostdur.”

Atası deyir:

-“Tələsmə, bilmək olmaz… Sən sabah get, orda bir dava elə, ona iki şillə vur, çəkinmə. Bax, o vaxt bilinəcək əsl dostluğu… Gəl olanları mənə danış”.

Gənc atası dediyinin eynisini edir. İstəməsə də atasının dostuna iki şillə vurur. Şillə yeyən DOST isə cavabında belə deyir:

“Get atana de ki, biz bir sarımsaq tarlasını iki şilləyə görə satmarıq!”

Səfər İBRAHİMLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights