ELAZ.İNFO xəbər verir ki, Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universitetinin (PNIPU) tədqiqatçıları, digər aparıcı tibb universitetləri ilə birgə eşitmə implantlarının işini əhəmiyyətli dərəcədə yaxşılaşdıran yeni konstruksiya hazırlayıblar. Bu texnologiya səsin təhrif olunmasını 17% azaldaraq istifadəçilərin daha təmiz səs eşitməsinə şərait yaradır.
Yeni cihaz adi eşitmə aparatlarından fərqli olaraq, səsi hava titrəyişləri ilə deyil, kəllə sümüyü toxuması vasitəsilə daxili qulağa ötürür. Bu üsul anadangəlmə qulaq anomaliyaları və ya zədələri olan xəstələr üçün nəzərdə tutulub.
Mütəxəssislərin fikrincə, əvvəlki cihazlarda metal bərkidicilər pasiyentin fərdi kəllə quruluşunu nəzərə almadığı üçün səs daxili qulağa zəifləmiş və ya təhrif olunmuş şəkildə çatırdı. Yeni konstruksiyada isə vibrasiya elementi ilə titan implant arasındakı keçid yastı meydança şəklində hazırlanıb. Bu, komponentlər arasında daha sıx təmas yaradır və səs itkisinin qarşısını alır.
Layihənin daha bir mühüm tərəfi xüsusi proqram təminatının yaradılmasıdır. Həkimlər əməliyyatdan öncə xəstənin sümük qalınlığı və kəllə quruluşu barədə məlumatları proqrama daxil edərək, həmin şəxs üçün ideal olan üçölçülü (3D) keçid modelini avtomatik hazırlaya biləcəklər. Həmçinin cihazın tərkibinə əlavə edilən polimer həlqə kənar titrəyişləri boğaraq bütün tezliklərdə səsin mükəmməl ötürülməsini təmin edir.
Ruslan MƏMMƏDOV