EŞİTDİKLƏRİM, OXUTDUQLARIM, GÖRDÜKLƏRİM

Bu əsəri 1986-cı ildə Azərbaycan jurnalından oxumuşdum, indi əsəri təkrar oxumağa başladım. Kitab 18-cu əsrin sonlarını və 20-ci əsrin əvvəlini əhatə edir.
Kitabda maraqlı hadisələr olduqca çoxdur. Oxuduqca paylaşacağam.


Bakıda tez-tez torpaq sahələri üstündə mübahisələr, məhkəmələr olurdu…
Ən maraqlı məhkəmə prosesi vəkil Qarabəyin iştirak etdiyi mühakimələr olurmuş. Bakılılar ona «Ayını ağladan Qarabəy» ləqəbi qoymuşdu.
Yumorla danışardı. Tiflisin və Bakının vəkilləri biləndə ki, tərəf müqabilləri Qarabəy olacaq, həmin işdən boyun qaçırardılar. Bütün dövlət qanunlarının tarixini, nömrələrini əzbərdən bilirdi.
Deyirlər Qarabəy adlı-sanlı vəkillərin hərarətli, gurultulu çıxışlarından sonra xitabət kürsüsünə qalxar, və belə deyərdi: «Cənablar, dediklərinizin hamısını eşitdik, nitq atəşin idi, soşğun idi, amma mülki kodeksin filan maddəsi, ona əlavə senatın filan tarixli (ayı, ili və hətta gününü qeyd etməklə) qərarına, ədliyyə nazirliyinin filan tarixli sərəncamına əsasən bu iş elə yox, belə həll edilməlidir.
Bundan sonra qarşı tərəf kitabları qarşıya töküb deyilən bəndi axtarmağa başlayırdı.
Onun çox danışılan işlərindən biri belə olmuşdur: Demək Qafqaz canişini Voronsov-Daşkovun Balaxanıda öz mədəni ilə qonşuluqdakı Yetim Hacı Yusifin «Baba bostanı» adlanan sahəsini zəbt edib hasara alır. Yerin sahibi Yetim Hacı Yusif vəkil tutub işi məhkəməyə verməyi qərara alır. Şəhərdə vəkil qalmır ki, müraciət etməsin. Elə ki, vəkil müqabil tərəfin Qafqaz sərdarı olduğunu eşidirdi, o saat bu işdən boyun qaçırırdı; hələ bəziləri eyhamla, zarafatla deyirmiş ki, bu ayı ilə bir çuvala girmək kimi bir şeydir, adamın üz-gözünü cırmaqlayar, qarnını yırtar, boğar, çətin işdir, arxası Nikolay padşaha bağlıdır.
Axırda Yetim Hacı Yusif gedir həmin Qarabəyin yanına, yalvarır ki, əl mənim, ətək sənin, əlimi kəs, amma ətəyini üzmə.
Qarabəy razılaşır, birbaşa Peterburqa (indiki Leninqrad) yollanır, üç- dörd ay əlləşəndən sonra Bakıya senat komissiyası ilə qayıdır. Komissiya üzvlərini mindirir iki faytona, aparır düz Balaxanıya – hasara alınmış yerin qabağına. Komissiya üzvləri yoldan ötən müsəlman, rus, erməni və yəhudilərdən soruşurlar ki, bu yerin adı nədir? hamı cavab verir ki, Yetim Hacı Yusifin «Baba bostanı». Həmin adamların adını kağıza yazıb qol çəkdirirlər, savadsızlar isə barmaq basırlar.
Qarabəy oradan komissiya üzvlərini aparır məscidə, orucluğa ayı olduğuna görə adamlar yığışıb Quran oxuyurlarmış. Gələn komissiya üzvləri başlayır sorğu-suala, yüzdən çox ağzı oruclu adam qəsəm edib Qurana əl basaraq şəhadət verirlər ki, o yerin adı Yetim Hacı Yusifin «Baba bostanı»dır, ulu babalarından qalma yurdudur, nə satıb, nə də bir kəsə bağışlayıb.
Komissiya deyilənləri qeyd edir, savadlılara qol çəkdirir, qalanları isə barmaqlarını basır.
Qarabəy sabahı gün komissiyanı aparır Sabunçuya, sonra da ətraf kəndlərə və bu qayda ilə arayış yazdırıb imza atdırır və komissiya ilə bərabər dönür Peterburqa, nəticədə Voronsov-Daşkov işi uduzur. Qarabəy Peterburqdan Bakıya «Baba bostanı»nın sahibinə qaytarılması barədə qərarla qayıdır və qanunsuz çəkilmiş hasarı Voronsov-Daşkovun öz işlər rəisinə sökdürtdürür.
Bu hadisədən sonra Qarabəyin hörməti, nüfuzu birə min artır, hər yerdə deyirlər ki, Qarabəy Qafqaz sərdarına qalib gəlib, zarafat deyil, Fitilbörkdə də hörməti var.
İki ildən sonra Yetim Hacı Yusifin «Baba bostanı» yerində qazılan quyu elə gurultulu fontan vurur ki, səsi Bakıda eşidilir, sədası Tiflisə və Peterburqa çatır.

Usta MAARİF

Bizimlə oxuyun
Verified by MonsterInsights