“Əsgərlər üçün düzəltdiyimiz xonçaları icra hakimiyyəti oğurladı”

Şərurda “əsgərə pay” adı ilə şagirdlərdən yığılan bayram xonçalarının yerli icra hakimiyyəti tərəfindən mənimsənildiyi bildirilir.

ELAZ.İNFO-nun əldə etdiyi məlumata görə valideynlər “Gündəlik Naxçıvan”a bildirirlər ki, rəsmilər onları aldadıb, əsgərlər üçün nəzərdə tutulan payları rəsmi bayram tədbirinə aparıblar.

Onların sözlərinə görə, tədbir dövlət büdcəsi hesabına keçirilsə də, əlavə olaraq yığılan bu paylar da həmin şənlikdə istifadə olunub.

Beləliklə, xonçalar üçün ayrılmalı olan vəsait təyinatı üzrə xərclənmək yerinə ciblərə gedib.

Valideynlər bildirirlər ki, bu azmış kimi, tədbirdən sonra xonçaların içindəki ərzaqlar da icra hakimiyyəti əməkdaşları arasında bölüşdürülüb.

Valideynlərdən Nailə Qurbanova deyir ki, öz əli ilə düzəltdiyi xonçanı icra hakimiyyətinin rəsmi tədbirində görəndə şok olub:

“Uşağım 2-ci sinifdə oxuyur. Siniflərində Novruz şənliyi keçirilirdi. Borc-xərc edib uşağıma xonça hazırladım, içini doldurdum ki, başqa uşaqların yanında utanmasın. Demişdilər ki, bunları əsgərlərə göndərəcəklər. Əsgərə canımız qurban, heç kim buna etiraz etməz. Amma sonradan məlum oldu ki, xonçaları əsgərə aparmayıblar. Rayonda keçirilən tədbirə aparıblar. Özüm də xonçalarımızı orada gördüm, çox pis oldum. Digər valideynlər də həmçinin.

Etiraz etdik, dedilər ki, narahat olmayın, tədbir bitən kimi əsgərlərə göndəriləcək. Daha sonra gördük ki, yenə aldadırlar, xonçaları icra hakimiyyəti işçiləri arasında bölüşdürdülər. Bu nə dərəcədə düzgündür?”

Digər valideyn Sahib Qazıyev isə bildirir ki, xonçalar bütün məktəblərdən toplanıb və sayının yüzlərlə olduğu deyilir:

“Hər sinifdən xonça yığıblar. Deyirdilər ki, əsgərə pay gedəcək. Amma aparıb rayondakı tədbirdə paylayıblar. Təxminən 600-700 xonça olub, bəlkə də daha çox. Uşaqlar sinifdə özləri üçün bayram keçirirdi, amma xonçaları əllərindən aldılar.”

Onun sözlərinə görə, bu vəziyyət xüsusilə maddi imkanı zəif olan ailələr üçün daha ağır olub:

“Mən fəhləlik edirəm, çətinliklə dolanıram. Onlar kimi qalstuk vurub oturmuram. Xonça üçün 30 manata yaxın pul xərclədim ki, torpaqlarımızı qoruyan əsgərlər üçün gedəcək. Amma uşağımın xətrinə borc alıb xonça hazırladım.

İçində yumurta, şokolad, şirniyyat, səməni, meyvə – hər şey var idi. İndi də düşünürəm ki, niyə yalandan deyirlər əsgərə gedir? Əgər aparmırsınızsa, niyə belə edirsiniz? Əsgərlər üçün düzəltdiyimiz xonçaları icra hakimiyyəti oğurladı.”

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights