ELAZ.İNFO xəbər verir ki, Azərbaycan güləş məktəbi növbəti böyük uğura imza atıb. Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanan qadın güləşçimiz Günay Qurbanova qələbə təəssüratlarını bölüşüb.
59 kiloqram çəki dərəcəsində bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı, karyerasında ikinci dəfə bu titula sahib çıxıb. Qurbanova qələbənin heç də asan başa gəlmədiyini vurğulayıb: “İkinci dəfə Avropa çempionu oldum, çox xoşbəxtəm. Bu yola gəlmək asan olmadı. Mənim üçün zəif rəqib yoxdur, amma hər zaman hesab etmişəm ki, ən böyük rəqibim özüməm. Final görüşü isə yarışın ən çətin mərhələsi oldu”.
Gənc çempion dəstəyə görə məşqçilərinə təşəkkür edərək, bununla kifayətlənməyəcəyini bildirib. Onun əsas məqsədi gələcəkdə böyüklər arasında keçirilən Avropa çempionatında da Azərbaycan bayrağını zirvələrə qaldırmaqdır.
Ruslan MƏMMƏDOV