Ermənistanla ABŞ arasında Zəngəzur dəhlizinə nəzarət üzrə gizli memorandum imzalanıb?

ELAZ.İNFO xəbər verir ki, İspaniyanın “Periodista Digital” nəşrinin məlumatına görə, Ermənistanla ABŞ arasında Zəngəzur dəhlizinə nəzarət üzrə gizli memorandum imzalanıb. Bu dəhliz Ermənistanın Sünik rayonundan keçərək Azərbaycanı Naxçıvanla birləşdirəcək 42 kilometrlik nəqliyyat infrastrukturundan ibarət olacaq.

Memorandumda Zəngəzur dəhlizi haqda hansı yeni məlumatlar var:

-Dəhliz “Tramp körpüsü” adlanacaq.

-Dəhliz 99 il müddətinə ABŞ şirkəti tərəfindən idarə olunacaq.

-Dəhlizin istifadəsindən əldə olunacaq mənfəətin 40%-i Amerika şirkətinə, 30%-i Ermənistana çatacaq.

-Dəhliz ABŞ özəl hərbi şirkətinin 1000 döyüşçüsü tərəfindən mühafizə olunacaq.

-Döyüşçülər, zərurət yarandıqda, güc tətbiq etmək səlahiyyətinə malik olacaq.

Nəşr qeyd edir:

“Ermənistan faktiki olaraq Amerika xüsusi təyinatlıları tərəfindən işğal ediləcək. Beləliklə, ölkə nə Avropa İttifaqının, nə də Fransanın tərəfdaşı ola biləcək. Əslində ABŞ tamamilə yeni siyasi vəziyyət yaradır ki, Ermənistan dəhlizlə bağlı səsvermə hüququndan, Fransa isə regionda öz maraqlarını müdafiə etmək imkanından məhrum olsun.”

Nəşrin məlumatlarını Ermənistan rəsmiləri təsdiq etməsələr və dezinformasiya adlandırsalar da bir müddət əvvəl “Middle East Eye” nəşri də ABŞ-ın Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməsi ilə bağlı xəbər yaymışdı. Bu barədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda keçirilən brifinq zamanı danışmışdı.

Azərbaycan Prezidenti İlham Əliyev isə iyulun 19-u Xankəndidə III Şuşa Qlobal Media Forumunda bu məsələ ilə bağlı qəti mövqeyini bildirib:

“Bizim ərazimizdə heç bir operator, icarədar, ticarətçi ola bilməz. Ermənistan özü çox şey edə bilər. Mənim bundan xəbərim yoxdur. Onlar artıq dırnaqarası Avropa müşahidəçilərini sərhədə dəvət ediblər. Bunlar peşəkar casuslardır. Onlar İrana qarşı casus fəaliyyəti aparırlar. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, biz də onları görə bilirik. Mən Əbu-Dabidə həmkarıma dedim, bizim Azərbaycandan Azərbaycana təhlükəsiz keçid olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçiddir. Bizim vətəndaşlar orada erməni sərhədçinin simasını görməli deyil. Bu bizim tələbdir. Əks halda vətəndaşlarımız təhlükə altında olacaqlar.”

Qeyd olunanlar doğrudursa, bunun hansı nəticələri ola bilər?

– Çin üçün:

– ABŞ-ın dəhlizə nəzarəti onun Çin-Avropa ticarət dəhlizi kimi əhəmiyyətini heçə endirir. ABŞ-ın elə əsas məqsədi Çinin Avropa ilə ticarət yollarını bağlamaq və ya onlara nəzarəti ələ keçirmək, Çinin isə – ABŞ-ın nəzarətində olmayan alternativ nəqliyyat dəhlizləri yaratmaqdır.-Deməli, Çin orta dəhlizlə Avropaya yük daşımaq istəsə, onu ya Azərbaycan-Gürcüstan, ya da Azərbaycan-İran-Türkiyə marşrutu üzrə göndərəcək.

-Ermənistan üçün:

-Ölkə tədricən tam ABŞ-ın proksisinə çevriləcək. ABŞ-ın maraqları çərçivəsində ondan Azərbaycana, Gürcüstana, İrana, Türkiyəyə və Rusiyaya qarşı istifadə ediləcək.

-Dəhlizdən gözlənilər gəlirləri dəfələrlə azalacaq.

– İranla ticarət əlaqələri məhdudlaşdırılacaq.

-Rusiya qoşunlarının Ermənistandan çıxarılmasına cəhdlər göstəriləcək.- Azərbaycan üçün:- Naxçıvana çıxış əldə edəcək, lakin bu bizim gözlədiyimiz çıxış deyil. Çünki eyni mahiyyətli çıxış İrandan da mümkündür. Arazdan aşağıdakı dəhlizə İran, yuxarıdakı dəhlizə ABŞ nəzarət edəcək. Hansının daha yaxşı olması hələ sual altındadır.

-Sərhədimizdə ABŞ silahlı qüvvələrini qazanırıq. ABŞ Azərbaycanı da Rusiyaya qarşı proksi kimi istifadə etməyə çalışacaq – bunun üçün artıq proksiyə çevrilmiş Ermənistandan istifadə edəcək.

-Məhz Zəngəzur dəhlizindən gəlirlərimiz çox olmayacaq.

– Gürcüstan üçün:

-Zəngəzura nisbətən Gürcüstandan daha çox yük daşınacaq.

-ABŞ-ın Çindən Avropa çıxan yollardan bağlamadığı və ya nəzarətinə götürmədiyi yeganə marşrut Azərbaycan-Gürcüstan olacaq. Deməli, növbəti hədəf Gürcüstanda hakimiyyətə nəzarəti ələ keçirmək olacaq. Bununla bağlı son illər edilən cəhdlər uğursuz alındı, amma yeni Maydan üçün şərait var – Qərb Gürcüstanda son parlament seçkilərinin nəticələrini hələ də tanımır.

İran üçün:

– Ermənistanla ticarəti məhdudlaşacaq.

-Ermənistan vasitəsilə Qara dənizə çıxışı bağlanacaq.- Sərhədində ABŞ hərbçilərinin yerləşdirilməsi onun üçün böyük təhdiddir. Aydındır ki, ABŞ orada region dövlətlərinə, ilk növbədə İrana qarşı güclü hərbi-kəşfiyyat və hücüm infrastrukturu yaradacaq.

-Zəngəzurla müqayisədə İran dəhlizi daha çox Çin yükü daşıyacaq deyə İran yükdaşımalardan daha çox qazanacaq.

– Rusiya üçün:

-Rusiya Suriyaya nəzarət edəndə bu dəhliz onun üçün strateji əhəmiyyətli idi. İndi bu dəhliz onun üçün əhəmiyyətini itirib.

– ABŞ hərbçilərinin İranla sərhədə yerləşdirilməsi və Ermənistanla Türkiyənin münasibətlərinin normallaşması Rusiya hərbi bazasının Ermənistanda saxlanmasını mənasız edir.

– Rusiya Qafqazda ABŞ-ın hərbi kontingentinin yerləşdirilməsi (Qafqazın ABŞ-ın təsiri altına keçməsi) ilə asanlıqla barışmayacaq.

Türkiyə üçün:

– Ticarət dəhlizi kimi yüklərin Zəngəzurdan, ya İrandan daşınmasının Türkiyə üçün fərqi yoxdur – hər iki halda yüklər Türkiyəyə daxil olacaq.

-Lakin ABŞ-ın dəhlizə nəzarət etməsi yüklərin alternativ dəhlizlərə yönəldilməsinə səbəb ola bilər. Bu halda Türkiyə gözlənilən gəlirlərdən məhrum olacaq.

– Dəhliz Türkiyəyə türk dövlətləri arasında vasitəsiz ticarət əməkdaşlığını gücləndirmək baxımından vacib idi. Amma ABŞ-ın “butılkanın boğazında” oturması bu əməkdaşlığı da öz nəzarətinə götürmək istəyi deməkdir.

-Aİ üçün:

-Çinlə ticarət ABŞ-ın nəzarətində olacaq.

-Qafqaz dəhlizləri (Zəngəzur və Gürcüstan) Aİ-yə, xüsusən də Fransaya Orta Asiya ölkələrinin təbii sərvətlrini Avropaya daşımaq üçün vacib idi. ABŞ bu dəhlizlərə nəzarət etməklə Aİ-nin son ümidini də qıracaq.

Yazılanlardan aydın görünür ki, ABŞ-ın Zəngəzur dəhlizinə nəzarət etməsi heç bir ölkəni tam qane etmir. Məncə, bundan sonra ABŞ-ın Qafqaza gəlməməsi üçün daha amansız açıq və gizli mübarizə gedəcək. Onsuz da ABŞ gəlsə də Qafqazı yaxşı günlər gözləmir.

Asif ŞƏFƏQQƏTOV

Bizimlə oxuyun
Verified by MonsterInsights