ElAZ.İNFO xəbər verir ki, ABŞ vitse-prezidenti Ceyms Devid Vensin bölgəyə gözlənilən səfəri ərəfəsində Ermənistanın siyasi dairələrində ciddi panika yaşanır. “Maarifçi Ermənistan” partiyasının lideri Edmon Marukyanın son açıqlamaları İrəvanın Bakı ilə Vaşinqton arasında istiləşən hərbi-texniki əlaqələrdən nə dərəcədə qorxduğunu aşkar nümayiş etdirir.
Marukyanın ABŞ rəhbərliyinə ünvanladığı müraciətdəki əsas tezislər bunlardır: Marukyan etiraf edir ki, Azərbaycan ABŞ-ın silah tədarükü üzərindəki məhdudiyyətlərindən (907-ci düzəliş və s.) faktiki olaraq xilas olub. O, eyni addımın Britaniya tərəfindən də atılmasından narahatlığını gizlətmir. Erməni siyasətçi tələb edir ki, Vaşinqton ya Bakıya silah satmasın, ya da eyni silahları Ermənistana da versin. Bu, bölgədəki güclər balansının Azərbaycanın xeyrinə tamamilə dəyişdiyinin acı etirafıdır.
Marukyan Vensin səfərini İranla bağlamağa çalışaraq, ABŞ-ın mümkün İran əməliyyatında Bakı və İrəvanın mövqeyini öyrənmək istədiyini iddia edir. Bu, Ermənistanın həm Qərbə “lazımlı tərəf” kimi görünmək, həm də Tehranı Azərbaycana qarşı qızışdırmaq üçün apardığı uğursuz bir informasiya oyunudur.
Xüsusilə diqqətçəkən məqam odur ki, Marukyan Əbu-Dabidə Əliyev və Paşinyanın “Sülh mükafatı” almasından dərhal sonra Bakıda keçirilən məhkəmə proseslərini tənqid edir. O, bu faktı manipulyasiya edərək ABŞ-ı Azərbaycanın daxili işlərinə müdaxilə etməyə səsləyir.
Marukyanın bu çıxışı Ermənistanın hərbi-diplomatik sahədəki çarəsizliyinin göstəricisidir. İllərlə işğalçılıq siyasəti yürüdən bir ölkənin indi Azərbaycanın suveren ərazilərini (Sünik, Geqarkunik adlandırdıqları Qərbi Azərbaycan torpaqları) bəhanə gətirərək “zəmanət” istəməsi gülüncdür. Reallıq budur ki, Qərb artıq Cənubi Qafqazın əsas güc mərkəzi kimi Azərbaycanı görür və hərbi əməkdaşlığı bu reallıq üzərində qurur.
Ruslan MƏMMƏDOV