Erməniləri ağıllandırdıq, indi də gürcü şovinistliyi ilə üzləşməkdəyik…

Gürcüstanın Marneuli şəhərində Orxan Piriyev adlı azərbaycanlı gəncin gürcü dilini bilmədiyi üçün şillələnməsi hadisəsi sıradan bir kriminal hadisə, xırda xuliqanlıq-flan deyil.

Hadisə “Melody” şirniyyat mağazasında baş verib.

Marneuli Bələdiyyə Məclisi sədrinin müavini Riçard Qiqaninin “major” oğlu Mamuka Qiqani şirniyyat mağazasındakı azərbaycanlı satıcıdan gürcü dilində danışmağı tələb edib. Lakin satıcı gürcü dilini bilmədiyinə görə Mamuka Qiqani ona şillə vurub.

Bu zaman ətrafdakı soydaşlarımız gürcü məmurun harınlamış oğlunun azğınlığına reaksiya veriblər. Onların arasında qarşıdurma yaşanıb.

Daha sonra Mamuka Qiqani polis bölməsinə aparılıb.

Bu hadisədə Rusiyanın dəst-xətti açıq şəkildə görünür. Çünki son aylarda Rusiyanın dövlət qurumları ilə yanaşı, sıravi ruslar da oradakı azərbaycanlılara və digər qeyri-rus xalqların nümayəndələrinə qarşı rus dilini bilməklə bağlı eyni təhdidlərlə çıxış edir və hətta rus dilini bilməyən uşaqların məktəblərə buraxılmamasını tələb edirlər.

Bu mənada rusiyayönümlü siyasət yürüdən hakim “Gürcü Arzusu” Partiyasının Gürcüstandakı soydaşlarımızı diskriminasiyaya məruz qoyması əsla təəccüblü deyil.

Əlbəttə, rəsmi dövlət dili kimi gürcü dilini bilmək Borçalıdakı soydaşlarımız üçün çox vacibdir. Çünki dövlət dilini bilmədən azərbaycanlıların Gürcüstanın ictimai-siyasi həyatında önəmli yer tutması, rəsmi strukturlarda təmsil olunması, Gürcüstanın mədəni həyatına təsir gücünə malik olması qeyri-mümkündür.

Lakin Gürcüstan dövləti öz azərbaycanlı vətəndaşlarını Mamuka Qiqani kimi şovinistlərin əliylə şillələtdirərək, onlara zorla gürcü dilini öyrətməyə qalxmamalıdır. Bu cür hərəkətlər anti-konstitusion xarakter daşıyır.

Bdzina İvanişvilinin Gürcüstan dövlətini Rusiyanın vassalına çevirməsi və Qamsaxurdiyanın dövründə (ötən əsrin 90-cı illərinin əvvəllərində) olduğu kimi gürcü millətçilərini yenidən azərbaycanlıların üzərinə qısqırtması Gürcüstanın özü üçün ciddi problemlər yarada bilər. Odur ki, “Gürcü Arzusu” reallıq hissini itirməməlidir. Gürcü millətçiliyi gürcü dövlətçiliyi üçün potensial şər, təhlükə mənbəyidir.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights