Erməni vandalizminin kökü XIX əsrin sonlarına gedib çıxır

Zaqafqaziyaya doğru axın edən və burada möhkəmlənən ermənilərin əsas hədəfi Azərbaycan torpaqları idi. “İncik”, “əzabkeş” taleli ermənilər Osmanlı ərazisində qura bilmədikləri “Böyük Ermənistan” dövlətini yırtıcı, canavar cildinə girərək, Azərbaycan ərazilərində yaratmağı qarşıya məqsəd olaraq qoydular. Bu məqsədi reallaşdırmaq yolunda çoxlu qan tökülməliydi, yerli-köklü Azərbaycan xalqı işgəncələrlə öldürülməli, vahiməyə salınmalı, qaçırılmalıydı. Onlar qan tökməkdən, can almaqdan, baş kəsməkdən çəkinmədilər. Türklərə qarşı amansız, barışmaz olan erməni quldurları bu qanlı cinayətləri həvəslə, xüsusi zövqlə həyata keçirdilər. Bu işdə əsas vəzifə “Daşnaksütyun”, “Asala”, “Hunçak” partiyalarının üzərinə düşürdü. Hər cür şəraitə uyğunlaşan bu mənfurlar onlara Ermənistanı yaratmağa söz verən Çar Rusiyasında baş verən siyasi olaylara uyğunlaşaraq, öz fəal üzvlərini bolşeviklərin sıralarına qatdılar. Bolşevik adından yararlanan bu təlimatlı erməni şovinistləri sonralar çox sayda qanlı olaylara səbəb olacaqdılar.

Bildiyimiz kimi, 1918-ci ilin mart-aprel qırğınları Şamaxı qəzasından da yan ötmədi. Qəzanın sakinləri qanlı, fitnə-fəsadlarla dolu qətliamlardan canlarını qurtara bilmədilər. Məlum olduğu kimi, Azərbaycanın hər yerində, o cümlədən Şamaxı qəzasında reallaşırılan qırğınlara əvvəlcədən hazırlıq görülmüşdü. Burada yaşayan erməni, rus əhali gizli şəkildə silahlandırılmışdı. Bu işlərə qatil Stepan Şaumyanın əlaltısı və silahdaşı Stepyan Lalayan 1917-ci ildən bilavasitə rəhbərlik edirdi.

Artıq 1918-ci ilin mart ayının ikinci yarısında şamaxılılara məlumat çatmışdı buraya xüsusi təyinatlı erməni hərbi qüvvələri göndəriləcəkdir. Başdan ayağı silahlı olan bu hərbi qüvvənin Şamaxıya göndərilməsindən yerli camaat təşvişə düşmüşdü. Məqsəd nə idi?

21 kəndi ermənilərdən ibarət olan Şamaxıda təlatüm var idi. Hərbi birləşmələrin gəlməsi yerli erməniləri də fəallaşdırmışdı. Erməni Milli Şurasından məlumatlar alan və bu qırğınlara hazırlaşan yerli ermənilər dəstələr halında hazırlanaraq, bolşevik adı altında gizlənən daşnak ermənilərin gəlməsini səbirsizliklə gözləyirdilər. Onlar yüksək fəallıq nümayiş etdirirdilər. Yerli erməni icmalarının rəhbərləri bu işlərə bilavasitə rəhbərlik edirdilər. Baqrat adlı Yepiskop isə xüsusi canfəşanlığı ilə seçilirdi. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, qəzanın malakan kəndlərinin sakinləri də ermənilərlə birləşərək, azərbaycanlılara qarşı dayanmışdılar. Bu xristian ittifaqı daha çox azərbaycanlının qətl edilməsinə, şəhər və kəndlərin dağıdılmasına, qaçaraq dağlara pənah aparan on minlərlə insanın dağlarda aclıqdan və susuzluqdan, soyuqdan, xəstəlikdən ölməsinə xidmət etmişdi. Bir alyansda birləşən mənfur qüvvələr erməni daşnaklarla birləşərək, azərbaycanlılar yaşayan kəndlərə ardıcıl basqınlar edir, onları soyqırımına məruz qoyurdular.

Qanlı qətliamlarda Şamaxının 120 kəndindən 86-sı erməni quldurları tərəfindən zərər çəkmişdi, 58 kənd talanaraq, məhv edilmişdi. Əhali arasında gəzən məlumatlarda bildirilirdi ki, Şamaxı qəzasında bütövlükdə 40 mindən çox əhali amansız bir şəkildə öldürülmüşdü. Amma bu rəsmi mənbələrdə 8-10 min arasında olan rəqəmlə göstərilirdi. Əgər faciənin böyüklüyü o qədər çox olmasaydı təbii ki, qırğınların araşdırılması yarıda saxlanmazdı. Təbii ki, faciənin böyüklüyünü anlayan xalqı sakitləşdirmək də olmazdı. Ona görə də bu qanlı qətliamlar xalqdan gizli tutulmalıydı. Bu qanlı qırğınlar zamanı xalqı öz arxasınca aparan, sözü eşidilən ağsaqqal və ziyalılar da vəhşicəsinə qətlə yetirilmişdi.

Sığınmaq üçün Allah evinə-Məscidlərə pənah aparan dinc əhaliyə belə divan tutulur, diri-diri yandırılırdılar. Təəssüflər olsun ki, o vaxt yaradılan İstintaq Komissiyasının işi mərkəzdən saxlandırılmışdır. Xüsusilə vurğulamaq lazımdır ki, daşnak erməni quldur dəstələrinin Azərbaycanda həyata keçirdikləri qətliamlar əslində  soyqırım, etnik təmizləmə siyasəti daşıyırdı.

1918-ci ilin mart qırğınları zamanı al qana boyanan, elləri-obaları viran qalan, yurd yerləri boşalan Şamaxı haqqında nə qədər yazılsa belə, yenə azdır. Bolşevik bayrağı altında daşnaklar Şamaxıda və onun kəndlərində böyük faciələr törətmişdilər. Təkcə Əngərxan kəndində 370 nəfəri öldürmüş, Çuxuryurdda isə 74 nəfəri güllələmişdilər. Tarixçi alim S. Onullahi yazır: “-1901-ci il zəlzələsi nəticəsində günbəzlərinin ikisi çatlamış, beş günbəzli və beş qapılı, uzunluğu 210 metr, eni 50 metr olan Şamaxı Cümə məscidini ermənilər və bolşeviklər Şaumyanın başçılığı ilə dinamitlə partlatdılar.

Bakı milyonçusu, “Metropol” mehmanxanasının sahibi (indiki Nizami muzeyi) Lalayevin oğlu Styopa Lalayevin, Tatevos Əmirovun Şamaxıda etdikləri vəhşilikləri dillə söyləmək çox çətindir. İnsanlıq həddini aşmış bu quduz canavarlar qadınların, qızların başlarına olmazın pisliklərini gətirirdilər.Bu vəhşilər insanları ən pis, acınacaqlı vəziyyətə salmaqdan böyük həzz alırdılar. Şamaxı sakini Xavər Yunusovanın dediyinə görə, anasının yeddi qardaşını bir gündə, bir saatda öldürmüş, anasının körpə uşağını gözlərinin qarşısında süngüyə keçirmişdilər. Uşaq qışqıranda süngünü çıxarıb o biri tərəfdən bədəninə sancıblar. Atası dözməyərək qışqıranda süngünü atanın ürəyinə sancmış və sonra da süngünü çıxarıb, qanını sormağa başlayıblar.

Şaumyan Lalayevi -Lalayanı Şamaxı sakinərinə qan uddurmaq, onları məhv etmək üçün xüsusi təyinatla bura göndərmişdi. Sonralar Lalayanın əməllərinin üstünü açan bolşeviklər onun cinayət məsuliyyətinə cəlb olunmasını təkidlə tələb etmişdilər. Lakin Şaumyan Lalayanın həbsinə icazə verməmişdi. Bu həmin əclaf Lalayev idi ki, Bakıda öz mehmanxanasında öldürdüyü azərbaycanlıların meyidlərindən səhnə düzəltdirmiş, İçəri şəhərdən əsir alıb gətirdiyi 240 qadını lüt soyundurub, həmin meyidlərin üstündə oynatmışdı.

Lalayev və onun kimi cinayətkar daşnak ermənilər arxalarında dayanan məlum qüvvələrə güvənirdilər. Elə bu arxayınlığa görə də onlar Azərbaycanda istədikləri vəşilikləri edirdilər.

Əslində erməni vandalizminin kökü XIX əsrin sonlarına gedib çıxır. 1894-1896-cı illərdən etibarən Cənubi Qafqaza, Azərbaycana köç edən ermənilər-haylar Türkiyə ərazisində həyata keçirdikləri məzalimlərin birə on qatını Azərbaycan ərazilərində dinc və əliyalın azərbaycanlılara qarşı həyata keçirdilər. Çar Rusiyasının dəstəyi ilə tarixi Azərbaycan torpaqlarının ən bərəkətli, səfalı guşələrində yerləşdirilən ermənilər yerli azərbaycanlılara qarşı amansız şəkildə davranmağa başladılar. Onları zaman-zaman haqsız ittihamlarla, qanlı qətliamlar bahasına dədə-baba torpaqlarından didərgin saldılar. Bu üzdəniraq, köçəri  ermənilər əzəli Azərbaycan torpaqlarında Ermənistan dövləti yaratmaq ideyasını qarşılarına məqsəd olaraq qoydular. Şərqi Anadoluda icrasına əngəllər çıxan “erməni məsələsi” zaman-zaman, mərhələlərlə  daxili və xarici havadarlarının dəstəyi ilə açığa çıxarıldı və hər dəfə də açığa çıxarılanda Azərbaycan torpaqlarında Azərbaycanlıların sayı qətliamlar hesabına kəskin şəkildə azalmağa başladı. 1905-1906-cı il kütləvi qırğınları Azərbaycanda ilk soyqırım aktı kimi tarixə düşdü. Bakını özlərinə paytaxt olaraq planlayan erməni terrorçu təşkilatları ilk, kütləvi soyqırımları burada törətdilər.

İkinci soyqırım birincidən daha amansız oldu. 1918-ci ilin 30 mart tarixindən etibarən başlayaraq 3 aprel tarixlərinə qədər Bakıda, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə davam edən qətliamlar ən amansız şəkildə həyata keçirildi.

  1. Ə. Rəsulzadə yazırdı: “Bu hadisə ilə bolşeviklər bir çox vilayətlərdə yapdıqları qanlı əməliyyatı Bakıda da tətbiq edirdilər. Əmələ və füqəra hakimiyyəti naminə “Müsavat firqəsi milli müsəlman şurası”na elani-hərb edən “Bakı Soveti” erməni alayları ilə biliştirak 10 000 qərib müsəlmanı qətl etdi”.

İnsanlığın unudulduğu Xocalı faciəsi erməni vandalizminin son nöqtəsi oldu.  Artıq bu o zaman idi ki, qaniçən ermənilər tarixi Azərbaycan torpaqlarından didərgin salmağa çalışdıqları Azərbaycanlıların son nəslini də köçürəcəkdilər. Azərbaycanlılarsız Ermənistan bu murdar ermənilərin baş planı idi. Təəssüflər olsun ki, bu qəddar xilqətlilər özlərinin çirkin niyyətlərinə çatdılar. Tarixi Azərbaycan torpaqlarında özlərinə qondarma Ermənistan dövləti qurdular.

Dönəm-dönəm bu qədirbilməz ermənilərin başımıza gətirdikləri əzablara dözdü, sızım-sızım sızıldadı xalqımız. Nadanlar, nahaqlar düzümüzə qulaq asmadılar, əyrini üstümüzə saldılar. Namərdcəsinə haqqa doğru gedən yolu bağladılar, nahaqqın alov püskürən çıxılmaz aşırımlarını üzümüzə açdılar. Geridə qalan ağ ağ günlərinə, bəxtəvər çağlarına baxıb ağladı, türküsünü, ninnisini, intizar dolu ağlar gözlərlə oxudu xalqımız. Hayına-harayına ulu babası Meteni, Atillanı, Çingizxanı, ərən-ərən oğuz xaqanlarını, şah babamız İsmayılı çağırdı. Bağrı param-parça olmuş Azərbaycanı birləşdirmək üçün müqəddəs ruhları, göy türkləri köməyinə səslədi.

Bütöv bir milləti ikiyə böldülər. Bununla ürəkləri soyumadı. Zəngəzuru,   Göyçəni, Borçalını, Qasımkəndi, Qarabağı, bölüb parçaladı qəddar yağılar. Arazı göz yaşına, Savalanı qəm dağına döndərdi amansızlar. Hiyləgərlər qurub yaradan, dünyaya meydan oxuyan türk ərənlərini hər addımda izlədilər, təklədilər, pusquya düşürüb xaincəsinə əsir aldılar. Amma zaman gələcək, yenə türk oğlu bu əsirlikdən xilas olacaq, onu sıxan-əzən bütün zəncirləri qırıb-çatacaq, düşdüyü bu dar məhbəsdən qurtulacaq. Bu gün zəfər bayrağımız Qarabağda göylər üzərinə dalğalanır. Gün gələcək üçrəngli bayrağımız dəmir qapı Dərbənddə, Təbrizdə, İrəvanda dalğalandıracaq. O gün gələcək!

 

 

İlahə BAYINDIR

Tarixçi-tədqiqatçı

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights