Ərdoğan:-“Prezident İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır”

Söhbət Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün İƏT-in (ECO) Xankəndi Zirvəsindən Türkiyəyə qayıdarkən təyyarədə jurnalistlərlə söhbət əsnasında Rusiya-Azərbaycan münasibətlərinin son durumu ilə bağlı səsləndirdiyi fikirlərdən gedir.

Türkiyə lideri deyib ki, “Türkiyə həm Azərbaycan, həm də Rusiya ilə dərin diplomatik və strateji əlaqələri olan ölkədir. Biz gərginliyi diqqətlə izləyirik və hər iki ölkəni təmkinli olmağa çağırırıq”.

O, həmçinin qeyd edib ki, Türkiyə diplomatik gərginliyi azaldacaq bəyanatlarla məsələnin daha asan və əsaslı şəkildə həll olunacağına inanır.

“Ümid edirəm ki, iki ölkə arasındakı neqativ hallar ən qısa zamanda sona çatacaq. Ən böyük arzumuz odur ki, xoşagəlməz hadisələr Rusiya ilə Azərbaycan arasında münasibətlərə bərpaolunmaz zərər vurmasın. Lokal hadisələri və onların nəticələrini öz kontekstindən çıxarmadan həll etmək mümkündür”,- deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti Xankəndidə olarkən bu məsələni Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etdiyini də bildirib:

“Prezident İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır. O, bu məsələni gərginləşdirməyin tərəfdarı deyil”.

Ərdoğanın sonuncu cümləsindən başlayaq.

O deyib ki, İlham Əliyev bu məsələni gərginləşdirməyin tərəfdarı deyil. Sözsüz ki, bu, həqiqətən də belədir.

Bəli, İlham Əliyev məsələni gərginləşdirməkdə maraqlı deyil. Çünki Rusiya tərəfi gərginliyi özü yaradıb (iyunun 27-də Yekaterinburqda soydaşlarımıza qarşı törətdiyi vəhşiliklə). Və bu gün də gərginliyi artıran addımları atmağa davam edən tərəf də məhz Rusiyadır. Azərbaycan sadəcə olaraq həmin addımlara qarşı adekvat cavab addımları atır (bundan o yana keçmir).

Və rəsmi Bakı bu cavab addımlarını atmağa məcburdur. Əgər tamamilə səssiz qalsaq və Rusiyanın barbarlıqlarını görməzdən gəlsək, o zaman milli maraqlarımıza zərbə vurmuş olarıq. Ona görə də Azərbaycan hüquq çərçivəsində və tam sivil formada simmetrik cavab addımları atır.

Bu mənada gərginliyin davam etməsinin günahı İlham Əliyevdə yox, Vladimir Putindədir. Çünki “FSB”-nin və “OMON”-un Yekaterinburqdakı vəhşi əməliyyatına “xeyir-dua”nı məhz Rusiya lideri verib. Gərginliyin səngiməsi üçün ilk addımı da məhz Putin atmalıdır.

İki ölkə arasındakı neqativ halların ən qısa zamanda diplomatik çözüm yollarıyla sona çatacağına ümid bəsləyən Ərdoğan, bu mövqeyində də tamamilə haqlıdır. Çünki Azərbaycan Rusiya ilə müharibə etməyə hazırlaşmır. Heç Rusiyanın da hazırkı məqamda Azərbaycanla müharibəyə başlamaq fikri yoxdur. Ukrayna “bataqlığ”ında çabalayan Rusiyanın bu gün eyni vaxtda iki cəbhədə savaşmağa taqəti yoxdur.

Ona görə də Rusiya və Azərbaycan arasındakı hazırkı eskalasiyanın dayandırılması ən doğru yolu məhz diplomatiyadır. Misal üçün, ilk addım kimi Kreml Yekaterinburq faciəsinə görə həm Azərbaycana başsağlığı verə və üzr istəyə bilər, həm də qətlə yetirilən Səfərovların ailə üzvlərinə və xəsarət alan şəxslərə kompensasiya ödənilməsinə qərar verə bilər. Lakin təəssüf ki, görünən budur ki, Kreml bu addımları atmağa tələsmir. Və ümumiyyətlə, Kremlin üzr istəmək mədəniyyəti yoxdur.

O ki qaldı Türkiyə liderinin hər iki ölkəni təmkinli olmağa çağırmasına, bu da təbiidir. Böyük siyasət qrossmeyestri olan Ərdoğan yaşının-başının bu çağında durub da tərəfləri müharibəyə çağırası deyil ki.

Türkiyə Prezidenti Xankəndiyə İlham Əliyevi Rusiya ilə savaşa təhrik etmək üçün gəlməmişdi ki.

Rusiyaya bir müharibə də bəs edər. Ukrayna savaşı onsuz da Rusiyanı çökdürür.

Kreml və bizim rusiyapərəstlərimiz isə Ərdoğanın son açıqlamasına sevinirlərsə, qoy, sevinsinlər. Ərdoğan bu açıqlaması ilə topu Putinə ötürdü. Putinin ağlı varsa, Ərdoğanın yaratdığı bu fürsətdən düzgün istifadə edib Azərbaycanla gərginliyin qarşısını almaq üçün dərhal hərəkətə keçməlidir.

P.S. Amma biz Putinin xislətinə yaxşı bələdik. Ona görə də Rusiya liderinin Azərbaycan və Ermənistana qarşı hibrid müharibələri davam etdirəcəyini (cürbəcür təxribatlar törədəcəyini, sülhə mane olacağını) qətiyyən istisna etməməliyik.

Bəybala MİRZƏYEV

Bizimlə oxuyun
Verified by MonsterInsights