Ərəb NATO-su ilə yanaşı, Türk NATO-su da yaradıla bilər…
ELAZ.İNFO xəbər verir ki, dünən Qətərin paytaxtı Doha şəhərində Fövqəladə Ərəb-İslam Sammiti keçirildi.
Nə üçün fövqəladə?
Çünki 2 gün davam edəcək bu zirvə toplantısı İsrailin Qətərin paytaxtını bombalaması ilə əlaqədar çağrılıb.
Bu, İsrailin son illərdə bombaladığı 7-ci müsəlman ölkəsidir. Və görünən budur ki, “müharibə tanrı”sına çevrilən Beniamin Netanyahunun dayanmaq fikri yoxdur.
Maraqlıdır ki, İsrailin Qətərdə HƏMAS danışıqlar qrupunu hədəf alan hücumundan sonra Təl-Əvivin rəsmi və siyasi dairələri tərəfindən “növbəti hədəf Türkiyədir” səpkili açıqlamalar da səsləndirilməkdədir.
Misir isə yaxın gələcəkdə müsəlman ölkələrinə qarşı baş verə biləcək yeni hücumları dəf etmək üçün Dohada keçirilən fövqəladə sammit ərəfəsində ərəb ölkələrinin NATO-ya bənzər birgə hərbi qüvvə yaratması təşəbbüsü ilə çıxış edib.
Maraqlı və həm də aktual təşəbbüsdür. Beynəlxalq hüququn tamamən çökdüyü və bütün ölkələrin hərbiləşməyə üz tutduğu hazırkı kritik məqamda “Ərəb NATO-su”nun yaradılması həqiqətən zərurətə çevrilib.
Livanın “Əl-Əxbar” qəzetinin hökumətə yaxın mənbəyə istinadən yaydığı məlumata görə, bu təklif ilk dəfə 9 il əvvəl irəli sürülsə də, lakin son günlərdə İsrailin Dohaya aviazərbəsindən sonra daha da aktuallaşıb.
Təşəbbüsün müəllifi olan Misir hökuməti Ərəb NATO-su üçün 20 minə yaxın hərbçisini ayırmağa hazır olduğunu bildirib.
Birgə hərbi qüvvənin formalaşdırılmasında iştirakçı ölkələrin əhalisi, hərbi potensialı və regional balans nəzərə alınacaq. Həmçinin komandirlik vəzifələrinin ölkələr arasında bölüşdürülməsi də nəzərdə tutulur.
Bu gün kollektiv hərbi müdafiə təşkilatının yaradılması təkcə ərəb ölkələri üçün deyil, türk dövlətləri üçün də aktualdır. Rusiya İran, Çin kimi qonşuları olan türk dövlətlərinin bir araya gəlib Türk NATO-sunu yaratması artıq qaçılmaz zərurətə çevrilib.
Rusiyanın bu günlərdə Polşanın hava məkanına dron sürüsünü göndərməsi onu göstərir ki, sabah türk dövlətləri də bu cür təxribatlara, hücumlara məruz qala bilərlər.
Həmçinin İsrailin Türkiyəni təhdid etməsi də Türk dövlətləri Təşkilatınının (TDT) bu məsələni gündəmə gətirməsini və vahid hərbi birliyin yaradılmasını zəruri edir. TDT liderlərinin önümüzdəki zirvə toplantısında bu məsələnin də müzakirəyə çıxarılması gözləniləndir.
Beləliklə, yaxın gələcəkdə Ərəb NATO-su ilə yanaşı, Türk NATO-su da yaradıla bilər.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi