Ən Çox Axtarılan Narkobaron Öldürüldü

Meksikanın ən təhlükəli cinayətkar qruplaşmalarından birinin rəhbəri, “El Mencho” ləqəbli Nemesio Oseguera xüsusi əməliyyat nəticəsində məhv edilib. İllərdir gizlənən narkobaronun yerini müəyyənləşdirməyə onun sevgilisinin ziyarəti kömək edib.

ELAZ.İNFO xəbər verir ki, Meksika hakimiyyəti həyata keçirilən genişmiqyaslı əməliyyatın təfərrüatlarını açıqlayıb. Məlumata görə, xüsusi xidmət orqanları “El Mencho”nun gizləndiyi yeri məhz onun partnyorunun hərəkətlərini izləyərək tapıblar. Bu “romantik görüş” dünyanın ən çox axtarılan cinayətkarlarından birinin sonu olub. Lakin narkobaronun öldürülməsi regionda vəziyyəti daha da gərginləşdirib. “El Mencho”nun rəhbərlik etdiyi kartelin üzvləri liderlərinin intiqamını almaq üçün Milli Qvardiyaya hücum ediblər. Baş verən şiddətli toqquşmalar nəticəsində 25 hərbi polis əməkdaşı həlak olub.

Nemesio Oseguera Meksikanın ən qəddar cinayətkar sindikatlarından biri olan “Jalisco New Generation” (CJNG) kartelinə rəhbərlik edirdi. O, həm Meksika, həm də ABŞ tərəfindən ən çox axtarılanlar siyahısında idi. Kartel nəinki narkotik ticarəti, həm də dövlət rəsmilərinə qarşı törətdiyi silsilə sui-qəsdlərlə tanınırdı.

Ekspertlər hesab edirlər ki, “El Mencho”nun ölümü Meksikada narkokartellər arası müharibənin yeni və daha qanlı mərhələsinə keçməsinə səbəb ola bilər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights