Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist Sevinc Sarıyeva və tələbələr muğam və təsniflərdən ibarət unudulmaz musiqi axşamı təqdim ediblər.
ELAZ.İNFO AZƏRTAC-a istinadən bildirir ki, Bildirilib ki, “Qarabağın sevinci” adlı konsertin açılışında mərkəzin direktoru, Əməkdar artist Sahib Paşazadə çıxış edərək xanəndənin özünəməxsus ifa üslubu, oxu tərzi, ifa zamanı muğamın mənəvi zənginliyini dinləyiciyə ötürə bilmə bacarığından söz açıb.
Konsertdə səhnəyə Sevinc Sarıyeva ilə birlikdə tələbələri Nisbət Sədrayeva və Aytac Süleymanlı çıxaraq Azərbaycan bəstəkarlarının əsərləri və muğamlardan ibarət proqramla tamaşaçılara gözəl anlar bəxş ediblər.
Yazıçı dramaturq Seyran Səxavət, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, tarix elmləri namizədi Boran Əzizov, Əməkdar müəllim Qəzənfər Abbasov, “Zəfər” şəhid ailələri cəmiyyətinin sədri Sevinc Əlizadə xanəndəyə təbriklərini çatdırıblar.
Aktrisa Həlimət Sultan öz ifası ilə gecəyə ovqat bəxş etdi. Tamaşaçıların böyük alqış sədaları ilə yekunlaşan konsertin sonunda Əməkdar artist Sevinc Sarıyeva konsertin ərsəyə gəlməsində dəstək olan BMM rəhbərliyi və kollektivinə təşəkkürünü bildirdi.