Əlvida
Ayrılacağımızı, bir sonun yetişəcəyini bilirdim. Amma qəfildən, belə tez heç ağlımın ucundan da keçmirdi. İndi mənə, ancaq xatitələri qoyub, arxaya belə baxmadan, üf demədən gedirsən. Bax, necə qıydığını anlamıram. Axı necə deyə bilirsən, hər şey qədərində gözəldir. Düzdür, hərdən umu-küsümüz, nəfəsimin təntidiyi, şıltaqlığının od vurub yandırdığı, bəzən də məni puçur-puçur tərlətdiyin olurdu.
Sənə vurğunuluğumu, gəlişinə sevindiyimi, səninlə bitib-tükənməyən qayğılarımın ağuşunda yenə də bəxtəvər olduğumu bilirdin. Hər səhər min həvəslə dan doğuşunu qarşılamağım, çiçəklərlə “söhbət” etməyim, quşların cəhcəhindən zövq almağım, qürubun al-qırmızı şəfəqlərini baxışlarımla zülmətlərə təhvil verməyimin sənin sevgi cazibəndən qaynaqlandığını hiss edirdin.
İndi insafsızcasına sevgimiz elə bu qədərmiş, ayrılıq məqamımız çatdı deyib gedirsən. Onu da bilirəm ki, mənə qalan ancaq sənli xatirələr olacaq. Əziz,doğma, hər günü aylara, illərə, yazıya çevriləcək qalaq-qalaq vərəqlərə sığan xatirələr. Heç şübhə etmə də ki, ömür boyu hansısa bir incəlik, kiçicik nüans yaddaşımı tərk edib heçliyə, yoxluğa çevriləcək.
Bir halda ki, getməyə qərarlısan, get!
Səni zorla saxlaya bilmərəm. Nə zamansa görüşüb, üz-üzə gələcəyimiz də olmayacaq. Düzdü təbiətin qanunudur, yenə sənin kimi, bəlkə də sənnən də gözəl yetirəcək. Amma əminliklə bildiyim odur ki, səndən bir daha olmayacaq. Ona da əmin ol! Sənə bağlılığım, sevgim, həmdəmliyim mənlə əbədidir. Başqa sevdalar üçün qəlb evimin qapıları bağlıdı.
Çox acımasızsanmış. Gedişinlə dünyamı soyuqlara buraxırsan. Quşların nəğməsini çox görürsən mənə. Bu azmış kimi ağacları da yarpaq-yarpaq ağladırsan.
Nə deyim sənə? Gedirsən, üz çevirib tərk edirsən məni. İstəmədiyim, zəhləm gedən sözləri pıçıldamağa məcburam. Bir halda ki əbədi ayrılığımıza israrlısan, onda…
Əlvida Yay!
Pərviz YƏHYALI