Bu gün Azərbaycana ağır itki üz verib.
“Qızıl çələng” poeziya mükafatı “Vektor” Beynəlxalq Elmi Mərkəzinin poeziya mükafatı, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, “Türk ədəbiyyatına xidmətlərinə görə” ədəbiyyat ödüllü Əlsəmid Kür dünyasını dəyişib.
ELAZ.İNFO xəbər verir ki, bu gün dəyərli, görkəmli şəxsiyyət Əlisəmid Kür 8 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub.
1971-ci ildə Salyan şəhər 3 saylı orta məktəbini fərqlənmə attestatı ilə bitirib. 1981-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb.
1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Yol” ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə “Yol” ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib.
1989-1995-ci illərdə AYB-nin idarə heyətinin üzvü olub.
Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib.
Hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı dərgisinin məsul katibidir.
Aktyor Qorqud Cəfərlinin atasıdır.
13 okyabr 2025-ci ildə Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin!
Ruslan MƏMMƏDOV