Bir sinif yoldaşım var – Elman Sadıqov. Çox istedadlı tar ifaçısıdır. Elman Sadıqov mənim həm də uşaqlıq dostumdur. O illərdən qalan o qədər şirin xatirələrimiz var ki…
Musiqi duyumu olan insanlar Elmanın ifalarını dinləyəndə, təkcə istedadlı sənətkarın varlığına əmin olmur, eyni zamanda, bilir ki, bu ifalar çox mürəkkəb keçidlər tələb edir. Bu cür ifanı da hər musiqiçi bacara bilmir. Elmanın tar ifaçılığında ən böyük uğuru musiqini dinləyicinin qəlbinə toxundura bilməsidir.
Musiqi ifaçılığı o zaman dinləyicinin ruhuna yaxın, əziz olur ki, onu ifa edən həmin duyğuları qəlbən yaşaya bilsin. Söz də belədir. İnsan yaşamadıqlarını anladanda qarşısındakının qəlbinə toxuna bilməz. Elmanın ifaçılığı “Segah”da yanmaq, “Çahargah”da fədakarlıq və qəhrəmanlığı yaşamaq, “Şur”da duyğulanmaqdır. Muğamın 7 məqamında 7 mərtəbənin hər birindən qəlbi ilə baxdığı üçündür Elmanın ifaçılığını bu qədər sevdirən.
Elman bir də ona görə bəxtəvər ifaçıdır, onun çalğısını eşidən an ” Elmandır tar çalan” əminliyi yaranır. Hər kəsə özünəməxsus ifaçılıq tərzi nəsib olan deyil. Nə qədər təvazökar olsa da, Elman bir də bu cəhəti ilə başqalarından seçilir. Mübaliğə etmədən qeyd edim ki, Elmanın tarın pərdələrində etdiyi bəzi gəzişmələri ölkədəki tar ifaçılarının heç biri bacara bilmir.
Onu da qeyd edim ki, Elman sənəti ölkəmizdə layiqincə qiymətləndirilməyən sənətkardır. Elmanın əlində tutduğu qanadı qırılmış, pərdəsi azaldılmış tar deyil. Onun ifa etdiyi tar min illəri aşıb gələn, savaşda qəhrəmanlıq türküləri səsləndirib cəngə səsləyən, həsrət anında bir sevginin nisgili ilə ən məsum duyğuları pıçıldayan qoca Qopuzun xələfidir. Elmanın tarı Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Məşədi Məmməd Fərzəliyevin, Xan Şuşinskinin, Ağabala Abdullayevin səsinin harayına qatılıb, onların ardınca gedən qədim musiqi alətimizin keçmişdən bu günə daşıdığı tarixi və mənəvi dəyərimizdir.
Bu sətirləri də Elmanın ifasında “Şərq ahəngi” musiqisini dinləyərək yazdım. Elmanın ifasında olan hər musiqi parçası məndə fərqli duyğular yaradır. Orta məktəbdə oxuyan zamanlarda Elmangildə onun musiqi alətlərini yığdığı otağına toplaşar, saatlarla ifasını dinləyərdik. Elman biləyi yorulandan sonra tarı sinəsindən endirər, bundan sonra gecəyarıyadək hər muğamın müzakirəsini edərdik. Peşəkar musiqiçi olmasam da, yaxşı dinləyci olduğumdan elə ilk pərdədən hansı muğamın hansı şöbəsini ifa etdiyini bilirdim. İndi yaş keçib, qayğılar çoxalıb, Elmanla uzun zaman aralığından sonra arabir görüşə bilirik. Bir dəfə fəxri ad verilməməsinə görə təəssüfləndirdiyimi bildirdim, sonra zarafatla dedim ki, orta məktəbi bir sinifdə oxumuşuq, o illərdən sən də mənim savadıma və istedadıma bələdsən, jurnalist kimi mənim həqiqi dəyərimi anlayanlar olanda sənin də fəxri adın olacaq:
“Bu ölkədə barmaqla sayılan Qarabağ müharibəsi veteranı olan jurnalistlərdən biri mənəm. Osmanlı dövlətində 1860-cı ilin 28 oktyabrından yayımlanan ilk özəl qəzet olan “Tercüman” qəzetində Azərbaycanın görkəmli sənətkarlarını və xalqımızın milli-mənəvi dəyərlərini təbliğ edən, silsilə məqalələr yazan iki azərbaycanlı jurnalistdən biriyəm. Gün gəlir, Bənazir Bhuttonu Hindistanın baş naziri hesab edən biri fəaliyyətim “effekt vermədi” iddiası ilə işdən çıxarır. Media ilə bağlı tədbirlərin heç birinə dəvət almıram, media qurumları isə Rəsul Mirhəşimli adlı jurnalistin varlığını ümumiyyətlə unudub”.
Elman isə bu sözlərimə susaraq gülümsəyir, sonra yenidən uşaqlıq xatirələrimizə qayıdırıq.
Ümid edək ki, özünəməxsus ifaçılığı ilə çoxlarından fərqlənən Elman Sadıqov layiq olduğu qiymətini alacaq.
Rəsul MİRHƏŞİMLİ