ELAZ.İNFO xəbər verir ki, aprelin 10-da Mərkəzi Elmi Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının Elm Gününə həsr edilmiş tədbiri keçirildi.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, AR Milli Məclisinin sədr müavini akademik Rafael Hüseynov, AR Milli Məclisinin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini akademik Abel Məhərrəmov, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratiani, Milli Məclisin deputatları, AMEA Rəyasət Heyətinin üzvləri, AMEA-nın və Elm və Təhsil Nazirliyinin elmi müəssisələrinin və Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun əməkdaşları, ali təhsil müəssisələrinin rektorları, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Milli Kitabxanasının nümayəndələri, gənc alimlər və KİV təmsilçiləri iştirak etdilər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüldü.
Sonra Elm Gününə həsr edilmiş kitab və sərgiyə baxış keçirdi. Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anarın əsərlərindən ibarət sərgiyə baxılıb, onun imza saatı təşkil olundu.
Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq “Elm günü və elmlə ədəbiyyatın dialoqu” mövzusunda məruzə etdi.
Daha sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun, AR Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərovun, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Abel Məhərrəmovun, AR Milli Məclisinin sədr müavini Rafael Hüseynovun, AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasovun, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərovun, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirovun və “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyevanın çıxışları dinlənildi.
Daha sonra Elm Gününün fəxri qonağı, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış etdi.
Çıxışlardan sonra Anar haqqında hazırlanmış “Anarla üz-üzə” filmi nümayiş olundu.
Sonda çıxış edən akademik İsa Həbibbəyli “Elm Günü” münasibətilə tədbir iştirakçılarını təbrik edib, uğurlar arzulayıb.