Əlilliyin özü də, dərəcələri də müxtəlifdir

Bir müddət əvvəl Azərbaycanda əlilliyi olan şəxslər haqqında bir araşdırmada milli konsultant kimi işimi bitirdim.
Azərbaycanda əlilliyin vəziyyətilə bağlı araşdırmamız üçün keçən il onlayn sorğu keçirmişdik. Məqsədimiz rəsmi məlumatlarla yanaşı əlilliyi olan şəxslərin və onlara qulluq edənlərin fikrini də öyrənmək idi
Ondan başlayaq ki, əlilliyi olan şəxslər Azərbaycan əhalisinin 5%-ni təşkil edir. Balaca rəqəm deyil. Təsəvvür edin: uşaqlı-böyüklü, körpəli-qocalı Azərbaycan əhalisinin hər 20 nəfərindən birinin hansısa əlilliyi var. Bəlkə də hər birimiz öz ətrafımızda əlilliyi olan kimlərisə tanıyırıq, görürük. Hələ onlara qulluq edən, onlara görə min yerə ayaq döyən valideynlər, ailə üzvləri, qəyyumlar da var. Yəni ümumən yüz minlərlə insan iqtisadi, sosial, mədəni həyatda tam məhsuldar iştirak edə bilmir.
Üstəlik, əlilliyin özü də, dərəcələri də müxtəlifdir. Kimdəsə anadangəlmə, kimdəsə sonradan yaranan fiziki, əqli, psixoloji əlilliklər var. Kimlərsə tibbi səriştəsizliyin, müxtəlif qəzaların, hərbi əməliyyatların qurbanı olublar. Əlillik kimdəsə görünəndir, kimdəsə görünmür, başqaları tərəfindən də həmişə düzgün anlaşılmır. Ölkədə məşğulluq, təhsil, səhiyyə, bank, məhkəmə, nəqliyyat, sosial yardım və sair sahələrdə mövcud xidmətlərin inkluzivliyini nə qədər artırmağa çalışsalar da, hələdə hamıya lazımi, ədalətli, səriştəli qulluq göstərilə bilinmir.
Əksəriyyətin şikayəti: Lazım olan reabilitasiya və yardımçı cihazlara çıxışın olmaması,həyatın müxtəlif sahələrində ayrı-seçkilik, cəmiyyət tərəfindən pis münasibət, psixoloji/emosional təzyiq, zorakılıq/qısnama, yoxsulluq, yaxşı maaşlı işlərin olmaması, qeyri-müyəssər ictimai yerlər/nəqliyyat/məlumatlar, inkluziv təhsilin olmaması, mədəni və idman tədbirlərinə çıxışın olmaması…
Cavabların təhlili ilə sizi yormaqdansa, insanların sorğuda yazdıqlarına baxaq:

  • “…qaldığım şəhərdə müəyyən piyada keçidləri var düzdü kalyaskada olan məhdudiyyətli insanlar üçün yer var amma bu ayrılmış yer həqiqətən istifadə edilmir çünki baxsaq əksinə həmən insana zərər verə bilər…”
  • “Övladıma nə uyğun bir dayə, nə bağça, nə də inklüziv bir mühit tapa bilmirəm. Məcburam ki, həm işləyim, həm də özüm övladımın qayğısına qalım.”
  • “Dovlet işleri ile temin olunmalari hardasa mumkun deyil. Özel iş yerleri sahibkarlar Onlari işe almaq haqqinda bele dusunmur . Sanki bu insanlari herkes gormezden gelmeye calisir…”
  • “Reablitasiya və müalicə mərkəzlərinin qiyməti hədsiz bahadır. Heç bir güzəşt olunmur. Bu səbəbdən məcburən müalicə yarımçıq qalır. Əlil uşaqlar üçün ayrılan pensiya həmin reablitasiyada və ya tədris mərkəzində sadəcə 3 günün pulu belə etmir.”
  • “Mənim qızım daun sindromludur, bu il məktəbə başlamalıdır, dövlətin Qərb regionunda belə uşaq və gəncləri üçün yaratdığı imkanlar çox azdır.”
  • “…Quba şəhərinə ailəmlə gəzməyə getmişdim amma elektron arabamın olmasına baxmayaraq HƏRYERDƏ ƏNGƏLLƏRLƏ ÜZLƏŞDİM VƏ YENƏ DƏ MÖHTACLIĞIN ZƏRBƏSİN ALDIM.”
  • “Bağçalar qəbul etmir. Digər uşaqların valideynləri ağız büzür.”
  • “Ən bariz nümunə banklarda gözdən əlillərə istehlak kreditinin verilməməsidi…”
  • “Uşaqlarım 18 yaşına çatmamış əlillik kateqoriyasinda idi birinin 3 ili tamam oldu yenidən vurdurduq 2 ci qrup ömürlük əlilliklə təsdiq olundu ev növbəliyinə görə 2022 ci ildən evsiz ana kimi kirayədə qaliram müraciət etmişəm sərəncam almışam lakin mən helede evlə təmin oluna bilməmisəm…” Çox ağrılı mövzudur.

Nadir QULUZADƏ