Əlibala Hacızadə 90

ELAZ.İNFO

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Əlibala Hacızadənin 90 illik yubileyi qeyd olunub.

Biləsuvar Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və Azərbaycan Yazıçılar Birliyi Muğan Regional bölməsinin təşkilatçılığı ilə baş tutan tədbir Biləsuvar rayon Mərkəzi Kitabxanasında keçirilib. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən rəis müavini Emin Mustafayev, Azərbaycan Yazıçılar Birliyi Muğan Regional bölməsinin sədri Nəbi İbrahimli, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Vaqif Yusifli, eləcə də şairlər, yazıçının ailə üzvləri, qızı əməkdar jurnalist Asya Hacızadə, “Xəzinə Ədəbi Məclisi”nin üzvləri və ictimaiyyət iştirak edib.
Çıxışlarda qeyd edilib ki, Ə.Hacızadə Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan yazıçılardan olub. Onun yaradıcılığı milli ədəbiyyatın inkişafına, oxucuların mənəvi dünyasının zənginləşməsinə böyük töhfə verib. Yazıçının əsərlərində insan taleləri, mənəvi dəyərlər və ictimai problemlər yüksək bədii səviyyədə əksini tapıb. Bildirilib ki, yazarın roman və povestləri təkcə mövzu baxımından deyil, həm də sənətkarlıq baxımından ədəbiyyatımızda dəyərli nümunələrdir.

Tədbir çərçivəsində yazıçının əsərlərindən parçalar səsləndirilib, həyat və yaradıcılığını əks etdirən maraqlı faktlar təqdim olunub. Həmçinin tədbirdə şairlər tərəfindən yazıçıya həsr olunan şeirlər ifa edilib, iştirakçılar arasında ədəbi müzakirələr aparılıb.
Tədbirdən sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qonaqları qəbul edərək, yazıçının zəngin yaradıcılıq yolu, milli ədəbiyyatın inkişafında oynadığı mühüm rol və gənc nəsil üçün örnək olan həyat prinsipləri haqqında ətraflı fikirlərini bölüşüb. O, həmçinin yazıçının əsərlərində milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm xidmətlərinin olduğunu vurğulayıb. Görüşdə qonaqlarla fikir mübadiləsi aparılaraq yazıçının irsinin gələcək nəsillərə çatdırılması istiqamətində görüləcək işlərdən danışılıb.Qeyd edək ki, Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb. Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. Əfqanıstanda mütərcimlik edib.
“Mənim müəlliməm” adlı ilk hekayəsi 1956-cı ildə “Uşaqgəncnəşr”in “Gəncliyin səsi” almanaxında dərc olunub.
Əlibala Hacızadəyə məşhurluq gətirən “İtkin gəlin” trilogiyası olub. “İtkin gəlin” romanı əsasında rejissor Lütfi Məmmədbəyov 12 seriyalı serial çəkib.
Görkəmli yazıçı bir çox elmi tədqiqat əsərlərinin də müəllifidir. Onu ciddi alim kimi tanıdan “Fərruxi Yəzdinin poeziyası” əsəri ötən əsrin 60-cı illərinin sonunda işıq üzü görüb. Ə.Hacızadə fars dilindən bir sıra elmi və bədii əsərlərin tərcüməçisi kimi də tanınır. Bunlardan “Quranın 30-cu Surəsinin təfsiri” (iki cilddə), Jan Junyerin “Unudulmuş qəhrəmanlar”, Əli Əkbər Vilayətinin “Səfəvilər dövründə İranın xarici siyasəti tarixindən” və başqa əsərləri misal çəkmək olar.
Əlibala Hacızadə ədəbiyyatı həyatının ayrılmaz hissəsi hesab edirdi. 2004-2005-ci illərdə yazıçının müasir Azərbaycan ədəbiyyatı xəzinəsinə layiqli töhfə olan seçilmiş əsərlərinin on cildliyi nəşr edildi. Onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” romanları ilə elm adamlarının o vaxtadək bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdıra bilib.
Ə.Hacızadə ruhən öz romanlarının səhifələrində yaşamaqdadır. Onun romanları sevginin, səmimiyyətin daşıyıcılarıdırsa, bu səhifələri hər zaman oxumaq gərəkir.
İllər ötsə də onun yazdığı əsərlər nəyinki aktuallığını itirmir, həm də böyük məhəbbətlə oxunur.

Sevinc Qasımova

Bizimlə oxuyun
Verified by MonsterInsights