Hansısa qohumluq, dostluq əlaqəsi ilə, təsadüfən vəzifəyə təyin edilən, iş təcrübəsi olmayan, vəzifəsinin öhdəsindən “layiqincə” gəlməyən məmurlar cəmiyyətdə qınaq obyektinə çevrilirlər. Bu isə xalq arasında haqlı narazılığa səbəb olur.
Bu kimi hallara qarşı öz münasibətini ELAZ.İNFO-ya bildirən hüquqşünas Əli İbrahimov deyir ki, “Layiq olmayan şəxslərin idarə etdiyi kollektivlərdə sağlam mühitdən söhbət gedə bilməz. Belə yerlərdə gərginlik artır, narazılıq dərinləşir, insanlar bir-birinə etibar etməyi unudur. Komanda ruhu parçalanır, əməkdaşlıq yerini şübhəyə, sədaqət isə qorxuya verir”.
Ə.İbrahimov söyləyib ki, “Ən acınacaqlısı isə budur ki, əməyilə, zəhmətilə, biliyi və məsuliyyəti ilə real nəticə göstərən işçilər layiq olduqları dəyəri görmür. Onların səsi eşidilmir, zəhməti qiymətləndirilmir, inkişaf yolu qapadılır. Əvəzində isə passiv, qeyri-peşəkar, bəzən isə sadəcə “uyğun” olan şəxslər müxtəlif sahələrdə rəhbər vəzifələrə gətirilir. Belə yanaşma yalnız ayrı-ayrı insanlara yox, bütövlükdə sistemə zərbə vurur. Çünki savadsız rəhbər savadlı kadrdan qorxar, bacarıqsız idarəçi güclü əməkdaşı təhlükə bilər. Nəticədə inkişaf dayanır, ədalət itib gedir, iş mühiti isə sükut içində çürüyür”.
Hüquqşünas qeyd edib ki, “unudulmamalıdır ki, vəzifə insanı ucaldan deyil, insan vəzifəni ucaltmalıdır. Layiq olmayanın kresloda oturması müvəqqətidir, amma bunun vurduğu zərərin izi uzun illər silinmir. Haqq tapdalananda, zəhmət görməməzliyə vurulanda, sonda itirən yalnız fərdlər yox, bütöv xidmət olur”.
İlahə BAYINDIR