Müasir Əfqanıstan dövlətinin siyasi tarixi 18-ci əsrdə mövcud olmuş Hotaki və Durrani sülalələri ilə başlayır. 19-cu əsrin sonlarında Əfqanıstan həmin dövrdə hökmranlıq etmiş Britaniya Hindistanı və Rusiya İmperiyası arasındakı “Böyük oyun”da bufer ölkə rolunu oynamışdır.
1893-cü ildə Britaniya Hindistanı ilə sərhəddə yaradılan Durand xətti əfqan hökuməti tərəfindən tanınmadı və 1947-ci ildə Pakistanın müstəqillik əldə etməsindən sonra bu ölkə ilə əlaqələrin gərginləşməsinin əsas səbəblərindən biri hesab olunur.
1919-cu ildə baş vermiş üçüncü ingilis-əfqan müharibəsinin ardınca ölkə xarici təsirdən azad oldu və Əmənullah xanın rəhbərliyi altında monarxiya quruldu. Onun ardınca isə hakimiyyətə Məhəmməd Zahir şah gəldi və o da 40 ilə yaxın ölkəyə rəhbərlik etdi.
1970-ci illərin sonunda Əfqanıstanda bir neçə dəfə dövlət çevrilişi baş verdi. Əvvəlcə ölkədə sosialist dövlət quruldu, ardınca isə Əfqanıstan Sovet İttifaqının protektoratına çevrildi. Bu hadisələr 1980-ci illərdə üsyançılara qarşı Sovet-Əfqan müharibəsinin baş verməsi ilə nəticələndi. 1996-cı ildən etibarən Əfqanıstan ərazisinin çox hissəsi Taliban qruplaşması tərəfindən ələ keçirildi ki, nəticədə ölkənin çox hissəsi beş ilə yaxın müddət ərzində Əfqanıstan İslam Əmirliyi adlı totalitar rejim tərəfindən idarə olundu.
2001-ci ildə NATO-nun rəhbərliyi altında koalisiya qoşunlarının Əfqanıstana daxil olması ilə Taliban qruplaşmasının üzvləri hakimiyyətdən düşdü və yeni demokratik hökumət quruldu. Amma 2021-ci il 15 avqustunda paytaxt Kabil Taliban tərəfindən ələ keçirildi və Əfqanıstan İslam Respublikası süqut etdi. Taliban tərəfindən keçid höküməti quruldu.
Əfqanıstan hal-hazırda qeyri-sabit siyasi vəziyyətdədir.
Əhalisinin sayı 35 milyon nəfərə çatır ki, bunun da əksər hissəsini etnik puştunlar, taciklər, həzaralar və özbəklər təşkil edir.
Əfqanıstan iqtisadiyyatı dünya ölkələri arasında 108-ci yerdədir.
Beynəlxalq Valyuta Fondunun 2016-cı ildə verdiyi məlumata görə Əfqanıstan adambaşına düşən ÜDM həcminə görə 186 ölkə arasında 167-ci yerdədir.
Əli İBRAHİMOV