ELAZ.İNFO xəbər verir ki, Əfqanıstandakı Taliban rejimi ölkədə tətbiq olunacaq yeni cəza prosedurlarını elan etdi. Qaydalar cinayət qanununun dini kimliyə, məzhəbə, cinsə və sosial statusa əsasən fərqli şəkildə tətbiq olunacağını göstərir.
Bütün qaydalar tənqid olunsa da, ən diqqətəlayiq məqam köləliklə bağlıdır. Köləlik açıq şəkildə cinayət qanunu çərçivəsində yer alır və mətndə “ağa” və “qul” anlayışları dəfələrlə istifadə olunur. Köləni cəzalandırmaq səlahiyyətinin “ağaya” qaldığı bildirilir.
Taliban ölkəni sosial təbəqələrə bölərək cəmiyyətin dörd təbəqəyə bölündüyünü bildirir: din alimləri, elit təbəqə, orta təbəqə və aşağı təbəqə. Qanuna görə, cəzanın növü və şiddəti fərdin sosial vəziyyətindən asılı olacaq. Məsələn, cinayət “din alimi” tərəfindən törədilərsə, yalnız xəbərdarlıq ediləcək. Elita üçün məhkəməyə çağırış və xəbərdarlıq nəzərdə tutulur, orta təbəqə üçün isə həbs cəzası göstərilir. Lakin aşağı təbəqə üçün həbs cəzasına əlavə olaraq fiziki cəzanın da tətbiq ediləcəyi təklif olunur.
İlahə BAYINDIR