“Ədliyyə” anlayışı insan cəmiyyətinin ən qədim dövrlərindən günümüzə qədər daşıdığı mənaya görə dövlətçilik fəlsəfəsinin əsas sütunlarından biri hesab olunub. Dövlətin mövcudluğu üçün üç strateji dayağın — idarəetmənin, müdafiənin və ədalətin təmin olunması zəruridir. Məhz bu səbəbdən tarix boyu müxtəlif mədəniyyətlərdə ədalət sisteminə cavabdeh olan qurumlar həmişə “ədalət”, “haqq”, “justitia”, “justice”, “ədliyyə” kimi terminlərlə ifadə edilib. Azərbaycan da bu ümumbəşəri ənənəni davam etdirərək hüquq-məhkəmə sisteminə rəhbərlik edən ali icra hakimiyyəti orqanını “Ədliyyə Nazirliyi” adlandırıb. Bu ad təsadüfi seçilməyib, çünki nazirliyin mahiyyətini bir sözlə ən dəqiq ifadə edən anlayış məhz “ədliyyə”dir.
“Ədliyyə” sözü ərəbcə “ədalət”, “haqqı yerinə yetirmək”, “doğrunu qorumaq” mənalarını daşıyır. Tarixən bu söz yalnız hüquqi termin kimi yox, həm də mənəvi ölçü, həyat fəlsəfəsi kimi işlədilib. Ədliyyə Nazirliyinin adında bu termin yalnız təşkilati strukturun adını deyil, onun daşıdığı ali missiyanı ifadə edir. Dövlətin qəbul etdiyi qanunların tətbiqi, hüquqi normaların işlək mexanizmə çevrilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, cəza-icra siyasətinin düzgün icrası, məhkəmə qərarlarının yerinə yetirilməsi, bütün bu proseslər ədalətin praktik təcəssümüdür və bu ağır, məsuliyyətli missiya məhz ədliyyə orqanlarının çiyinlərindədir.
Azərbaycanın ictimai-siyasi tarixində ədliyyə qurumlarının formalaşması dövlətçiliyin bərpası və möhkəmləndirilməsi ilə sıx bağlıdır. İlk respublika dövründən başlayaraq müstəqilliyin bərpasına qədər və ondan sonra da bu struktur həmişə hüquqi sistemin mərkəzi orqanı kimi fəaliyyət göstərib. Lakin qurumun necə adlandırılması məsələsində mahiyyət heç vaxt dəyişməyib, bu orqan ədaləti təmin etdiyi üçün həmişə “ədalət” anlayışının sinonimi olan terminlərlə ifadə edilib. Məhz buna görə də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra nazirliyin adı başqa formal terminlərlə deyil, mahiyyətinə ən uyğun olan “Ədliyyə” sözü ilə rəsmiləşdirilib. Əslində “Ədliyyə Nazirliyi” adı yalnız hüquqi termin deyil, həm də dövlətin öz vətəndaşına verdiyi bir vəddir. Bu adla dövlət bildirir ki, hüquqların qorunması, qanunun aliliyi və ədalətin bərqərar olması onun üçün sadəcə prosedur deyil, strateji və mənəvi öhdəlikdir. Cəza siyasətinin düzgün həyata keçirilməsi, penitensiar və probasiya sistemlərinin inkişafı, məhkəmə qərarlarının icrası, hüquqi ekspertiza, qeydiyyat xidmətləri və digər yüzlərlə vacib funksiyanın hamısı bir sözün ,ədliyyənin məsuliyyəti altındadır. Bu səbəbdən bu qurumu başqa heç bir ad onun mahiyyətini bu qədər dəqiq ifadə edə bilməzdi.
Ədliyyə Nazirliyinin adı həm də beynəlxalq hüquqi ənənəyə uyğundur. Dünyanın inkişaf etmiş ölkələrində bu sahəyə cavabdeh qurumlar “justice”, “justiz”, “ministère de la justice” kimi adlanır ki, hamısının kökü eyni anlayışdır, ədalət. Yəni bu ad qlobal hüquqi dilin bir hissəsidir və Azərbaycanın seçimi də məhz bu ümumi hüquqi mədəniyyətə bağlılığın ifadəsidir. Nəticədə “Ədliyyə Nazirliyi” adlandırılması həm tarixi ənənədən, həm funksional mahiyyətdən, həm də dövlətin öz dəyərlərini ifadə etmə tərzindən qaynaqlanır. Bu ad təkcə naziri və strukturu deyil, ədalət ideyasının özünü təmsil edir. Dövlətin qanunla nəfəs almasını, cəmiyyətin hüquqi nizam üzərində dayanmasını təmin edən, insanın haqqını qoruyan sistemə verilə biləcək ən məntiqli və ən şərəfli ad məhz budur — ƏDLİYYƏ.
Əli İBRAHİMOV
Hüquqşünas, Vəkil
