Ədalət isə sözlə yox, davranışla ölçülür

Səhərin ilk işığı pəncərədən içəri süzüləndə idarənin qarşısında yenə də eyni mənzərə vardı: işçilər susqun, kürəkləri əyilmiş halda dayanmış, hamı “rəhbər gəlir” deyə bir-birinə pıçıldayırdı. Sanki binanın qapıları bir insanın yox, fırtınanın gəlişinə hazırlanırdı. O, həmişəki kimi gur addımlarla içəri daxil oldu. Gözlərində özündənrazı bir parıltı, üzündə “məndən ağıllı yoxdur” ifadəsi vardı. Dillənəndə isə tez-tez deyirdi: “Ədalət – mənim iş prinsipimdir.”

Amma hamı yaxşı bilirdi ki, onun ədaləti yalnız dilinin ucunda yaşayırdı. Bu adam qəribə bir xüsusiyyətə malik idi, tənqidə dözümsüz, tərifə möhtac. Kim ki ona qarşı söz deyirdi, bir gün sonra o adamın masası başqa otağa köçürülürdü, işi dəyişdirilirdi, ya da gözəgörünməz yollarla cəzalandırılırdı.

Rəhbər isə hər yığıncaqda gurultulu səslə danışırdı: — Mən hamınız üçün ən yaxşısını düşünürəm. Mən ədalətə sadiqəm! Sözləri hamı üçün nə qədər tanış, bir o qədər də boş səslənirdi.

Bir gün idarəyə yeni bir mütəxəssis gəldi. Üzündə utancaqlıq, gözlərində parlaq ümidlər vardı. İlk günlər rəhbər onu çox təriflədi: — Sən ağıllı adamsan. Mən ağıllı insanları sevirəm.

Əslində isə ağıllı insanı sevmirdi, sözünü deyən insanı sevmirdi. Və bunu çox keçmədən sübut etdi.

Yeni mütəxəssis bir iclasda cəsarət edib, mülayim səslə dedi: — Bəlkə bu qərarı yenidən düşünək? Bir neçə çatışmazlıq var…

Rəhbərin sifəti o an dəyişdi. Gözündə elə bir baxış peyda oldu ki, sanki otaqda bir düşmən tapmışdı. Həmin gündən sonra rəhbərin “ədaləti” işə düşdü: Gəncin səlahiyyətləri azaldıldı… Sonra işi dəyişdirildi…

Bir müddət sonra isə rəhbər tam sakitliklə dedi: — Təəssüf, sən gözləntilərimi doğrultmadın.

Halbuki gözlənti yalnız bir şey idi: sual verməmək, fikrini deməmək, həqiqəti söyləməmək. Rəhbər özünü hamıdan ağıllı sayırdı, amma işçilərin pıçıltılarını eşitmirdi. Onlar arxada danışırdılar:

— Ağıllı insan özündən ağıllıların sözünə qulaq asar.

— Ədalətli insan ədaləti ilk növbədə özünə tətbiq edər.

— Bu adam nə ağıllının qədrini bilir, nə də ədalətin dəyərini…

Rəhbər isə heç nə eşitmirdi, çünki öz səsinin gurultusundan başqa heç nəyə qulaq asmırdı.

İllər keçdi. İdarə əvvəlki kimi görünürdü, amma bir fərqlə, binanın içində sanki hava ağırlaşmışdı. İnsanlar susurdu, ideyalar ölürdü, təşəbbüslər itib gedirdi. Bir vaxtlar parlayan o idarə indi topal bir at kimi yavaş-yavaş çökürdü. Çünki nalbəndliyi görənlərə yox, korlara tapşırmışdılar.

Rəhbər isə hələ də gurultu ilə deyirdi: — Mən hər zaman ən ədalətli qərarları vermişəm! Amma artıq onun sözləri boş divarlarda əks-səda kimi qayıdırdı. Çünki bir binanı ayaqda saxlayan səslər deyil, əməl idi. O isə əməl ilə söz arasındakı uçurumu illərlə dərinləşdirmişdi.

Və bir gün o idarədən gedəndə heç kim onun arxasınca baxmadı. Hamı yalnız bir cümləni düşündü, “İnsanın özünü ağıllı sayması onu böyük etmir. Ədalət isə sözlə yox, davranışla ölçülür.”

Əli İBRAHİMOV

Hüquqşünas, Vəkil

Bizimlə oxuyun
Verified by MonsterInsights