Ədliyyə insanın içində başlanan, cəmiyyətə yayılan görünməz bir işıqdır. O işığın haradan doğulduğunu çoxları bilmir, amma hər kəs onun yoxluğunu hiss edir. Bir kəndin kənarında, əsrlərin yükünü çiyinlərində daşıyan köhnə bir binada yaşayan bir hekayə vardı, ədalətin hekayəsi. Bu binanın divarlarında günəşin ilk şəfəqləriylə oyanan sükut, gecələrin dərinliyində belə qorunan bir nizam vardı. Hər səhər qapısı açılanda, içəri girən hər kəs qeyri-ixtiyari ayaq saxlayardı, çünki bu qapının o üzündə nə var idi, səs-küy yox, hökm yox… sadəcə vicdanın özü.
Bir gün bu binaya illərlə bu kənddə yaşayan sadə bir çoban Qasım kişi gəldi. Qasım kişinin ömrü düz, sözü düzü sevən insan idi, amma haqqı tapdananda susa bilməzdi. Ürəyində bir yanğı vardı, ona görə deyil, başqasına görə. Çünki ədalət heç vaxt “mənim üçün” olmur, “hamı üçün” olur. O gün binanın içində oturan gənc ədliyyə işçisi Tural, Qasım kişinin gözlərindəki kədəri görüb ayağa qalxdı. Dərhal hiss etdi ki, bu adamın ürəyindəki yük adi yük deyil. Soruşdu: — Nə dərdin var, ağsaqqal?
Qasım kişi asta səslə dedi: — Övlad, mən illərdir bu kəndin çobanıyam. Mənim haqqımı yeyən az olmadı, amma mən heç vaxt bu qapını döymədim. Çünki bilirəm ki, Tanrı gec də olsa ədaləti yerinə qoyar. Amma bu dəfə bir yetimin haqqı tapdanıb… Mən susa bilmədim.
Tural nəfəsini dərdi, gözlərini Qasım kişinin üzünə dikdi. — Yetimin haqqı? — deyə təəccübləndi. — Danış, ağsaqqal.
Qasım kişi başına gələnləri danışdıqca, Turalın gözlərində həm qəzəb, həm də qərarlılıq yığıldı. Bu, sadəcə bir iş deyildi. Bu, onun seçdiyi peşənin müqəddəsliyinin sınağı idi.
Sənədlər toplandı, sözlər dinlənildi, şahidlər çağırıldı. Tural hər şeyi vicdanının tərəzisinə qoydu. O, bilirdi ki, bəzən qanunun qaranlıq dəhlizlərində işığı yandıran bircə şey olur, düzgün insan olmaq. Nəhayət, gün gəldi. Hər kəs zalda toplaşmışdı. Qasım kişi sükut içində dayanmışdı, gözləri Turalın üzündə idi, sanki “haqqı qanadından tutub uçurma aparma” deyirdi.
Tural ayağa qalxdı.
— Haqq təkcə sahibinə deyil, onu qorumağa cəsarət edənlərə də məxsusdur. Yetimin haqqı tapdanıb. Bu gün ədalət gecikməyəcək, çünki bu xalqın vicdanı Qasım kimi kişilər hələ də yaşayır.
Zalda elə bir sükut yarandı ki, sanki bütün divarlar belə nəfəsini tutmuşdu. Və qərar açıqlandığı anda hər kəs bildi ki, ədalət sadəcə bir söz deyil. O, bir nəfərin cəsarəti, başqasının vicdanı, üçüncünün doğru addımı ilə yaranan böyük bir həqiqətdir.
Qasım kişi binadan çıxarkən Turalın çiyninə əl qoydu: — Övlad, ədliyyə işçisi olmaq şərəfdi. Bu şərəfi daşımayan adam çoxdu, amma onu qoruyan azdı. Vacib olan qanunu bilmək yox, ədaləti hiss etməkdi. Tural bu sözləri həyatının ən böyük dərslərindən biri kimi yadında saxladı. Çünki o gün başa düşdü ki, ədliyyə binada deyil, insanın özündə başlayır. İnsan doğru olanda qanun da, cəmiyyət də, həyat da doğru olur. O başa düşdü ki, ədliyyə işçisi olmaq vəzifə deyil, ağır bir məsuliyyətdir. Bu peşə vəsiqə ilə yox, vicdanla daşınır. Ədalət isə sən ona xidmət etdikcə böyüyür.
Və kəndin köhnə binası həmin gündən sonra daha bir hekayəni öz dillsiz divarlarına yazdı:
-“Ədaləti qoruyanlar susanlar deyil, danışmağı bacaran vicdanlardır.”
Əli İbrahimov
