(…Əvvəli öncəki şərhdə)
Təzə hakimiyyətə gələndə Tramp Nobel Sülh mükafatı almaq üçün Ukraynada müharibəni dayandırmaq istəyirdi. Əlbəttə, o yenə mənfəətini düşünürdü – müharibə dayansaydı, bütün Ukrayna iqtisadiyyatı ona işləyəcəkdi. Oktyabrın 10-da Nobel Sülh mükafatının nominantı elan olunacaq. Yəni artıq gecdir – Tramp bu il həmin mükafatı ala bilməyəcək. Onda niyə müharibəni dayandırmağa çalışmalıdır ki?!
ABŞ tarixən dünya müharibələrindən ən çox qazanan ölkə olub. Birinci Dünya Müharibəsindən sonra Britaniya imperiyası müstəmləkə bazarlarını ABŞ-a uduzdu, İkinci Dünya Müharibəsindən sonra isə dünya bazarlarının yarıdan çoxu ABŞ-ın nəzarətinə keçdi. Nəyin sayəsində? Müharibə aparan və iqtisadiyyatları çökən Avropa ölkələrinin ABŞ-dan milyardlarla borc götürməsi sayəsində.
İndi ABŞ-da iqtisadi tənəzzülün qarşısını ala bilməyən Tramp ənənəvi yola qayıtmaq istəyir. Özü kənara çəkilib, Avropanı Rusiya ilə vuruşdurmaq istəyir. Artıq tükənməkdə olan Avropa yenə ABŞ-dan milyardlarla borc götürməyə məcbur olacaq. Sonrası isə aydındır…
Tramp görür ki, son vaxtlar Ukrayna və Avropa ruhdan düşür, Ukraynanın qalib gələcəyinə inanmır, müharibəni dayandırmaq istəyir…
Deməli, onları “qazlamaq” lazımdır. Özünüz analiz edin. Tramp Zelenski ilə uzağı 10 dəqiqə söhbət edib. Bu müddətə Zelenski nə möcüzə göstərə bilər ki, Trampın ABŞ-ın 18 kəşfiyyat xidmətindən, Ukraynadakı səfirliyindən və başqa mənbələrdən gələn daimi məlumatlar əsasında formalaşan təsəvvürünü dəyişə bilsin? Yəni Zelenski ilə söhbət bəhanə idi, bu statusu yazmağı əvvəlcədən planlaşdırmışdı.
Həmin günü jurnalistin Rusiya təyyarələrinin NATO hava sərhədlərini pozması ilə bağlı sualına cavabda dedi ki, bu halda Rusiya təyyarəsi vurulmalıdır. Jurnalistin “təyyarə vurularsa, ABŞ vuran ölkəni müdafiə edəcəkmi” sualına isə cavab vermədi.
Üstəlik tələb edir ki, Avropa Rusiyanın həbs olunmuş milyardlarını mənimsəsin. Nəyə görə? 1. O pula ABŞ-dan silah alsınlar. 2. Onu mənimsədikdən sonra heç bir ölkə Avropa banklarında pul saxlamayacaq.
Avropanı ürəkləndirmək üçün isə Rusiyanı “kağız pələng”, iqtisadiyyatı çökmüş, uzun benzin növbəsi olan ölkə kimi təsvir etdi. Sanki 80-ci illərin Soyuq müharibə təbliğatını oxuyursan.
Trampın statusu Zelenskini ruhlandırsa da, Avropanı bədbinliyə qərq etdi. 8 aydır Avropa ABŞ-ı Rusiya ilə birbaşa müharibəyə cəlb etmək istəyir, bunun üçün ona yaltaqlıq edir, alçaldılmasına dözür, tarif güzəştlərinə gedir, öz iqtisadiyyatına ziyan vurur… nəticədə isə ABŞ Avropanı “kağız pələng”in ağzına itələyir.
Statusdan sonra Avropa matəmə qərq olub…
Əcəl zəngi Avropa üçün çalınır.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi