Əbədi sevgi

ELAZ.İNFO

Mənim atam evi ilə Cavidgilin evləri çox yaxın idi. Biz yaxın qonşu idik. Mən Cavidin bacısı qızları Rübabə və Səltənətlə yaxın rəfiqə idim. Tez-tez mən onlara, onlar da bizə gələrdilər. Cavidgilin evi ilə bizim evin arasında Bazar çayı axardı. Mən hərdən səhər tezdən Cavidin çayın sahilində var-gəl etdiyini görərdim. O, Naxçıvana gələrkən yerli ziyalılar onun başına toplaşar, Cavidi tək qoymazdılar. Mənim rəfiqələrimin anası Ümmisəlimə xanım, özünün sonralar dediyi kimi, həmişə düşünərmiş ki, məni Cavidə alsın. Bu onun arzusu imiş. Hər dəfədə Cavidə deyəndə ki, gəl evlən, Cavid ona yarızarafat, yarıciddi cavab verərmiş: “Heç evlənmək vaxtıdır, bacı?! O qədər iş var ki…”
..1918-ci ildə Cavid Bakıdan Naxçıvana gəlmişdi. Bu dəfə də bacısı söz salırmış: “Ay qardaş, razı ol səni evləndirək”. Cavid mənalı gülür və deyir: – Ay bacı! Bu hansı zəmanədir ki, məni evləndirəsən. Mən yazılarımda azad məhəbbətdən dəm vururam, sən isə… Bir de görüm, mənə almaq istədiyin qız kimdir? Nə bilirsən o mənim xoşuma gələcək, ya yox, lap ola bilər ki, mən bəyəndim. Bəlkə o qız məni heç bəyənmədi. Dedi, mən ona ərə getmirəm…
– Yox ey! Sən razı ol, onun razılığı mənim boynuma. Nəhayət, Cavid evlənməyə bir şərtlə razı olur:
– Qızı görüm, sonra! O zaman Naxçıvan kimi şəhərdə evlənmək, istədiyi qızı görmək çox çətin idi. (Bu, az qala namussuzluq sayılırdı).
Cavidin bu şərtindən sonra şairin bacıları və anası məni ona göstərməyi qərara alır. Bir neçə gündən sonra məni evlərinə qonaq çağırırlar… Evlərində iki böyük sandıq var idi. Sandığın üstünə yorğan-döşək yığılmışdı. Məni sandıqla üzbəüz oturdurlar. Cavid əvvəldən gəlib yükün dalında oturubmuşki, məni yaxşı görsün. Bu ilk “görüş” o qədər də uğurlu olmur. Çünki mən oturduğum yerin arxa tərəfindən işıq düşdüyündən məni yaxşı görmür. Buna görə, bir də belə “görüş” təyin edirlər. Məni əvvəllər onlar tərəfindən təyin olunmuş elə yerdə oturdurlar ki, Cavid məni yaxşı görsün. Belə də olur, o məni görür və bundan sonra evlənmək üçün razılığını verir. Onun razılığı ailənin böyük şadlığına səbəb olur. Mənim isə onu görməyimə ehtiyac yox idi. Çünki mən onu bir neçə dəfə çay sahilində görmüşdüm…”
Bu gün Mişkinaz xanım Cavidin (1902-1976) anım günüdür. O, Hüseyn Cavid əfəndiyə layiqli yoldaş olmaqla bərabər, həm də xalqı maarifləndirmək, elm sahibi etmək yolunda Cavidin apardığı mübarizədə sadiq silahdaş idi. Xatirələrdən oxuyuruq ki, Hüseyn Cavidin bir neçə əsərinin ilk oxucularından olan Mişkinaz xanıma, elə oxuyub yazmağı da ömür – gün yoldaşı Cavid əfəndi öyrədibmiş. O, 37-ci ilin repressiyalarından sonra “xalq düşməninin” həyat yoldaşı kimi çətin günlər yaşamış, buna baxmayaraq, heç zaman ailəsini, Hüseyn Cavidin iki yadigarını – övladları Ərtoğrul və Turanı geridə qoymamış, onlara həm analıq, həm də atalıq etmişdir…
Allahdan Mişkinaz xanıma və böyük şair Hüseyn Cavid əfəndiyə rəhmət arzu edirik.

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights