Dünyanın Ən Çox Qaçaqmalçılığı Edilən Heyvanı

Qlobal vəhşi təbiətin qorunması təşkilatları növbəti dəfə həyəcan təbili çalır. Özünəməxsus pulcuqlu zirehi ilə tanınan panqolinlər hazırda dünyanın ən çox qanunsuz ticarəti edilən məməlisi hesab olunur.

ELAZ.İNFO xəbər verir ki, Ümumdünya Panqolin Günü ərəfəsində yayılan hesabatlar vəziyyətin kritik olduğunu göstərir. Afrika və Asiyanın bəzi bölgələrində yaşayan bu utancaq heyvanlar, fillərdən və kərgədanlardan daha çox qaçaqmalçıların hədəfindədir.

CITES (Nəsli Kəsilməkdə Olan Növlərin Beynəlxalq Ticarəti Konvensiyası) tərəfindən hazırlanan hesabata görə: 2016-2024-cü illər ərzində qaçaqmalçılığa qarşı əməliyyatlar zamanı yarım milyondan çox panqolin ələ keçirilib. Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) son on ildə 1 milyondan çox panqolinin vəhşi təbiətdən qanunsuz olaraq çıxarıldığını təxmin edir.

Panqolinlərin əti bəzi bölgələrdə delikates hesab olunsa da, qanunsuz ticarəti hərəkətə gətirən əsas qüvvə onların pulcuqlu zirehidir. Maraqlıdır ki, bu pulcuqlar insanın saç və dırnaqlarında olan “keratin” proteinindən ibarətdir. Lakin Çin və digər Asiya ölkələrində bu pulcuqların bir sıra xəstəlikləri müalicə etdiyinə dair elmi əsası olmayan inanclar mövcuddur. Məhz bu “ənənəvi təbabət” mifi panqolinlərin kütləvi şəkildə qırılmasına və qara bazarda baha qiymətə satılmasına səbəb olur.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, beynəlxalq səviyyədə sərt tədbirlər görülməsə, bu unikal canlı növü yaxın onilliklərdə tamamilə yer üzündən silinə bilər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights