Bir gənc ailə yeni evlərinə köçür. Səhər yeməyi zamanı qadın pəncərədən baxaraq qonşusunun paltar asdığını görür və deyir:
— “Bax, paltarlar yetərincə təmiz deyil, ya yumağı bilmir, ya da doğru sabundan istifadə etmir.”
Əri isə sakitcə ona baxır, heç bir söz demədən yeməyinə davam edir.
Bu mənzərə bir neçə həftə təkrar olunur. Hər dəfə qonşu paltar asanda qadın eyni fikri səsləndirir, hər dəfə eyni tənqidi təkrarlayır.
Nəhayət, bir səhər oyananda qonşunun paltarlarının bəyaz, tərtəmiz olduğunu görür və təəccüblə deyir:
— “Axır ki, paltar yumağı öyrəndi! Görəsən, kim öyrətdi ona?”
Əri isə təbəssümlə cavab verir:
— “Bu səhər bir az tez oyanıb pəncərəmizi sildim.”
Həyat da eynilə bu hekayə kimidir… Biz başqalarını müşahidə edərkən, onları necə görməyimiz çox vaxt baxdığımız “pəncərənin” yəni öz qəlbimizin təmizliyindən asılıdır.
Tənqid etməzdən öncə, kimisə qınamazdan əvvəl, bir anlıq dayanıb öz qəlbimizin tozunu silək. Ola bilsin, səhv başqasında deyil, baxışımızı bulandıran tozlu pəncərəmizdədir.
Dünyanı daha təmiz görmək istəyirsənsə, əvvəlcə öz pəncərini sil.
Əli İBRAHİMOV
Hüquqşünas, Vəkil
