Dünya «ilk gündür». Zaman dövr edir və növbə «sonuncu günə» çatır, dünya «getmək», axirət isə «çatmaq» deməkdir.
Hz.Əlidən bu haqda nəql olunmuş hədislərdən birində buyurulur:
“Dünya ötüb keçmək, axirət isə qalmaq mənzilidir.”
Dünyaya məna verən axirətdir, çünki hərəkət və fəaliyyətə məna verən də məhz sonuncu məqsəddir. Əgər əbədi axirət dünyası olmasaydı, dünyanın heç bir məna və məfhumu olmazdı. O, heç bir mərhələləri keçmədən məqsədə çata bilməzdi. Belə olduqda yaradılış puç və hədər sayılmalı idi. Ancaq bəşəriyyətə Allah tərəfindən peyğəmbərlər göndərilmiş və bu həqiqətin mahiyyəti onlara bəyan edilmişdir. Peyğəmbərlər insanların dünya və təbiət barəsində düçar olduqları səhv düşüncələri saf əqidə və təfəkkür ilə əvəz edərək, onları haqqa hidayət etmişlər. Bütünlüklə olmasa da, Allaha iman gətirmiş şəxslərin etiqadlarının əsas hissəsini axirət gününə və əbədi həyata olan iman təşkil edir.
Hz.Peyğəmbərdən (s.ə.s.) nəql olunmuş hədisdə deyilir: “Bahar gəldiyi zaman qiyaməti çox yad edin.”
«Fatir» surəsinin 9-cu ayəsində deyilir:
«Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır. Biz o buludları quru [ölü] bir məmləkətə tərəf qovub onunla torpağı, öldükdən sonra dirildirik. ölüləri diriltmək də belədir.»
«Həcc» surəsinin 5-7-ci ayələrində deyilir:
«Sən yer üzünü qup-quru görərsən. Biz ona yağmur endirdiyimiz zaman, o hərəkətə [cana] gəlib qabarar [yaxud xəmir kimi acıyar] və hər növ gözəl [meyvədən, bitkidən] bar gətirər. Bu ona görədir ki, Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir. [Bu həm də belə bir danılmaz həqiqətə inanmağınız üçündür ki] qiyamət günü mütləq gələcəkdir ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbrlərdə olanları dirildəcək.
Mənzər AĞAYEVA
İlahiyyatçı