Dünya nə qədər dəyişsə də, insanların ədalətə olan ehtiyacı sabit qalır

Ədalət və hüquq anlayışları hər dövrdə cəmiyyətin inkişaf səviyyəsini, insanların mənəvi durumunu və dövlətin hüquqi mədəniyyətini əks etdirən əsas meyarlardan biri olub. Texnologiya nə qədər inkişaf etsə də, dünya nə qədər dəyişsə də, insanların ədalətə olan ehtiyacı sabit qalır. Həqiqi ədalət hissi insan ruhunun ən dərin qatlarında formalaşır, lakin onun cəmiyyətə tətbiqi, sistemləşdirilməsi və qorunması hüquqşünasların üzərinə düşən müqəddəs və məsuliyyətli bir vəzifədir.

Hüquqşünas çox zaman cəmiyyətin diqqətindən kənarda qalan, lakin hər bir vətəndaşın həyatında görünməz izlər buraxan bir şəxsiyyət olur. O, qanunları sadəcə öyrənmir, həm də onların cəmiyyətə necə tətbiq olunacağını, bu qanunların insan talelərinə necə təsir göstərəcəyini düşünür. Düzgün hüquqi qərarların verilməsi üçün təkcə bilik yox, həm də vicdan, insani baxış, prinsipial mövqe tələb olunur. Hüquq yalnız kağız üzərində yazılmış qaydalar toplusu deyil. O, həm də mənəviyyatla, xalqın tarixi təcrübəsi və dəyərləri ilə yoğrulmuş bir anlayışdır. Hüquqşünas isə bu iki dünyanı qanun və vicdan dünyasını bir araya gətirən körpüdür.

Günümüzdə hüquqşünasların üzərinə düşən yük əvvəlki dövrlərlə müqayisədə daha da artıb. Qloballaşan dünyada informasiya axını, müxtəlif hüquqi təhdidlər, cinayətkarlığın dəyişən formaları və sosial problemlər hüquq mütəxəssislərindən daha çevik və prinsipial davranmağı tələb edir. Hüquqşünas cəmiyyətin təkcə hüquqi problemlərini həll etməklə kifayətlənməməli, həm də maarifləndirici rol oynamalı, gənclərə hüquqi düşüncə tərzini aşılamalıdır. O, vətəndaşın hüquqla yaşamasını, hüququn qorxulu mexanizm yox, güvənc ünvanı olduğunu anlatmalıdır.

Ədalət hər bir şəxsin, istər kasıb, istər varlı, istər sıravi vətəndaş, istərsə də məmur olsun, eyni cür yanaşma görməsidir. Bu isə hüquqşünasın prinsipiallığından, siyasi və sosial təzyiqlərə boyun əyməməsindən, peşəsini vicdanla yerinə yetirməsindən asılıdır. Əsl hüquqşünas haqqa, ədalətə xidmət edən, öz vicdanını satmayan və çətin anda doğru mövqe tutan şəxsdir. Belələri cəmiyyətin onurğası, dövlətin dayağıdır.

Unutmayaq ki, hüquq və ədalət yalnız məhkəmə zalında baş verənlərdən ibarət deyil. Hər gün küçədə, ailədə, işdə, məktəbdə, sosial mediada hüquq pozuntularına şahid oluruq. Onlara qarşı laqeyd qalmamaq, cəmiyyətin hüquqi şüurunu artırmaq, ədaləti qorumaq hər birimizin və xüsusilə də hüquqşünasların borcudur. Çünki hüquq yaşadıqca cəmiyyət dirçəlir, ədalət bərqərar olduqca insan azad və xoşbəxt olur.

Ədalət zəifin qalxanı, güclünün tənzimçisidir. Hüquq isə bu ədalətin dilə gəlmiş, sistemə salınmış halıdır. Bu iki dəyərin keşikçisi olan hüquqşünaslar isə tarix boyu cəmiyyətin səssiz qəhrəmanları olaraq qalırlar. Onlar görünməsələr də, hiss olunur; adları hallanmasa da, təsirləri dərin olur. Əsl hüquqşünasın izi qanunda deyil, insanların qəlbində yaşayır.

Əli İBRAHİMOV

Hüquqşünas

Bizimlə oxuyun
Verified by MonsterInsights